BMT-nin insan haqları ekspertləri Dağlıq Qarabağ müharibəsi zamanı götürülmüş hərbi və digər əsirləri “dərhal” azad etməyə çağırır.
Qurumun Cenevrədəki İnsan Haqları Ofisi fevralın 1-də yaydığı bəyanatda bildirib ki, Azərbaycanla Ermənistan “mədəni adətlərə hörmət olaraq” müharibədə öldürülənlərin meyitlərini qaytarmaqdan ötrü tezliklə hərəkətə keçməlidirlər.
Buna da bax: Rusiya Qarabağda Abxaziya və Cənubi Osetiyadakı kimi 'davrana bilməz'
Məcburi yoxaçıxma...
“2020-ci il noyabrın 9-da imzalanmış atəşkəs razılaşmasına uyğun olaraq münaqişəydən dolayı azadlığından məhrum olan hər kəs evinə qayıtmalı, öldürülənlərin yaxınları əzizlərinin meyitlərini geri almalıdırlar, – ekspertlər bildirib.
Onların sözlərinə görə, itkin şəxslərin taleyi haqda informasiya açıqlamamaq, yaxud ölənlərin meyitlərini qaytarmaqdan imtina məcburi yoxaçıxmaya bərabər tutula bilər ki, Azərbaycanla Ermənistan buna yol verməmək öhdəliyi götürüblər.
Azərbaycan ötən il 44 günlük müharibə ilə Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti geri alıb. Qoşunların təmas xəttində Rusiya hərbçiləri yerləşdirilib.
Buna da bax: Müharibədə həlak olan hərbçilərin yaxınlarının şikayətləri təmin edildi
Münaqişə zamanı 4 min 700-dən çox hərbçi həlak olub. BMT-nin ekspert qrupu xeyli sayda hərbçinin itkin düşdüyünü bildirir.
“Biz hərbi əsirlərin və digər qorunan şəxslərin qanunsuz qətl, məcburi yoxaçıxma, işgəncə və digər pis rəftar hallarına məruz qalması iddialarından narahatıq”, – ekspertlər bildirirlər.
Onlar silahlı münaqişə zamanı yol verilən belə hərəkətlərin hərbi cinayətə bərabər tutula biləcəyini vurğulayırlar.
“Barışıq və sağalma asanlaşar”
Ekspertlər meyitlərin təhqir olunması haqda məlumatlardan “ciddi narahatlıq” bildirir, tərəfləri “meyitlərə hörmətlə yanaşmağa” çağırırlar.
“Ermənistan və Azərbaycan hakimiyyətlərini münaqişə zamanı ciddi insan haqları pozuntuları iddialarını dərhal hərtərəfli, müstəqil və qərəzsiz araşdırmağa, günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Belə hərəkətlər həqiqət, barışıq və sağalmanı asanlaşdırar”, – ekspertlər deyirlər.
Buna da bax: Türkiyə və İran Ermənistanı 3+3 platformasına dəvət edirlər
Azərbaycan tərəf 10 noyabr atəşkəs razılaşmasından sonra öz ərazisində saxlanan erməni silahlıları hərbi əsir deyil, “terrorçu-diversantlar” hesab edir. Amma Rusiyanın Xarici işlər naziri Sergey Lavrov ötən ay keçirdiyi mətbuat konfransında deyirdi ki, Azərbaycan tərəfdə 62 əsir var, amma azərbaycanlı əsir yoxdur.
Ötən həftə isə 5 erməni əsirin bir azərbaycanlı əsirə dəyişdirilməsi xəbəri yayıldı.