Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Mart, Cümə, Bakı vaxtı 12:11

Müharibədə həlak olan hərbçilərin yaxınlarının şikayətləri təmin edildi


İkinci Fəxri Xiyaban, Bakı, - 16 yanvar 2016

Dünən, yanvarın 30-da paytaxtın Qarabağ rayonunda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 hərbçinin nəşi Yasamal rayonu ərazisindəki Şəhidlər Xiyabanına köçürülüb.
Məlumatı AzadliqRadiosuna II Qarabağ müharibəsində həlak olan Hüseyn Tağıyevin qayınanası Durna Əliyeva verib.

O, qeyd edib ki, yanvarın 30-da günün birinci yarısı Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi onları qəbul edib: “Bizi dinlədilər və hər şey öz qaydasında oldu, tələblərimiz yerinə yetirildi, heç bir narazılığımız yoxdur”.

Durna Əliyeva məzarların köçürülməsi prosesinin din xadimlərinin, rəsmi şəxslərin və onların iştirakı ilə icra edildiyini dedi.

Bundan əvvəl, yanvarın 25-də II Qarabağ müharibəsində həlak olanların bəzi ailə üzvləri paytaxtda yolu bağlayaraq Müdafiə Nazirliyinin rəhbərliyi ilə görüş tələb etmişdilər. Onlar yaxınlarının Qaradağ rayonunda dəfn olunmasına etirazlarını bildirirək, məzarların II Fəxri Xiyabana və ya başqa bir qəbristanlığa köçürülməsini tələb edirdilər.

Şikayətçilərin deməsinə görə, Qaradağ rayonundakı qəbristanlıqda bəzi qəbirlərin yerindən su çıxır.Üstəlik, onların fikrincə, həmin qəbristanlıq bir xeyli uzaq ərazidə yerləşir. Şikayətçilərin həlak olan yaxınları orduya Yasamal və Nəsimi rayonlarından çağrılıblar.

Onların demələrinə görə, bu məsələ ilə bağlı son bir neçə ayda dəfələrlə rəsmi qurumlara müraciətlər ediblər.Amma vurğulamalarına görə, aylar idiki, şikayətləri eşidilmirdi. Şikayətçilər məcbur qaldıqlarından yolu bağladıqlarını bildirmişdilər.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Bu döyüşlər zamanı Azərbaycan tərəfdən 2 min 855 hərbi qulluqçunun həlak olduğu açıqlanıb.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG