Sovet dissidenti və yazarı Vladimir Bukovsky Böyük Britaniyada 76 yaşında dünyasını dəyişib. “Son illər o çox ağrıyırdı”, – ölümü haqda açıqlanmış məlumatda deyilir.
ABŞ-da mənzillənən Bukovsky Mərkəzi könüllü təşkilatının bildirməsinə görə, oktyabrın 27-də axşam Kembricdə xəstəxanada onun ürəyi dayanıb.
Bukovsky 1942-ci ildə Başqırdıstanın Bələbəy şəhərində anadan olub, onun ailəsini müharibə illərində həmin şəhərə köçürmüşdülər. Daha sonra ailə Moskvaya qayıdır. 1959-cu ildə gələcək dissidenti əlyazma jurnalının təsis olunmasında iştirakına görə məktəbdən qovurlar.
12 ilini həbsdə və psixiatrik klinikalarda keçirib
1960-70-i illərdə SSRİ-də dissident hərəkatı xadimi kimi tanınan Bukovsky bir neçə dəfə həbs olunaraq etirazların təşkilinə görə psixiatrik xəstəxanaya yerləşdirilir. O, qadağan olunmuş ədəbiyyat saxlamaqda, “antisovet təbliğatı” aparmaqda suçlanırdı. 1972-ci ildə “antisovet təbliğatı”na görə iki il həbs və beş il sürgün cəzasına məhkum edilir.
Buna da bax: Şamana qarşı cinayət işi bağlanmadıBukovsky ümumilikdə həyatının 12 ilini həbsdə və psixiatrik klinikalarda keçirib. O, Sovet İttifaqında siyasi məhbusları cəzalandırmaq üçün psixiatrik klinikalardan istifadə barədə ilk məlumat yayanlardan olub.
1976-cı ildə SSRİ Bukovsky-ni Çilidə həbsdə olan həmin ölkənin Kommunist Partiyasının lideri Luis Corvalan ilə dəyişir. O vaxtdan dissident Böyük Britaniyada, Kembricdə yaşayır, orada dərs deyir, hüquq-müdafiə işini davam etdirirdi.
Bukovsky Rusiya Prezidenti Vladimir Putini sərt tənqid edirdi, Kremli 2006-cı ildə Londonda rusiyalı keçmiş kəşfiyyatçı Aleksandr Litvinenko-nun zəhərlənərək öldürülməsində əli olmaqda suçlayırdı.
Bukovsky 2008-ci ildə Rusiyada prezident seçkisində namizəd olmağa cəhd edib. Həmin seçkidə Putinin seçdiyi varis Dmitry Medvedev qalib gəlib.
FSB-nin “qurbanı”?
Dissident AzadAvropa/AzadlıqRadiosu-na demişdi ki, Rusiya səfirliyinin əməkdaşları Putinə qarşı şərhlərinə görə onun Rusiya pasportunu yeniləməyiblər.
Buna da bax: Bloqerin psixiatrik klinikaya salınmasını pisləyirlərBukovsky 2016-cı ilin dekabrına Britaniyada məhkəmə qarşısına çıxarılıb, uşaqların qeyri-etik fotolarını düzəldib saxlamaqda ittiham olunub.
Britaniyada hakim ötən il qərar çıxarıb ki, o, məhkəmə qarşısında durmaq üçün çox xəstədir, “ağır ürək, ağciyər, qaraciyər və böyrək xəstəliklərindən” əziyyət çəkir.
Bukovsky-yə 11 ittiham irəli sürülmüşdü, ancaq 2015-ci ildə hazırlıq iclasında təqsirsiz olduğunu deyirdi.
O, 2018-ci ildə ittihamlara etiraz olaraq aclıq aksiyası keçirib, onları “tamamilə rədd etdiyini” bildirib.
Londonda Ali Ədalət Məhkəməsinə müraciət edən Bukovsky Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) şərləmə kampaniyasının qurbanı olduğunu deyirdi.