Keçid linkləri

2025, 16 Mart, bazar, Bakı vaxtı 20:32

Şamana qarşı cinayət işi bağlanmadı


Aleksandr Gabyshev
Aleksandr Gabyshev

Rusiyanın Yakutsk şəhərində məhkəmə yakut şaman Aleksandr Gabyshev-ə qarşı ekstremizm ittihamı ilə açılmış cinayəti işini bağlamaqdan imtina edib. Şaman ötən ay “Prezident Vladimir Putini Kremldən qovmaq üçün” Moskvaya doğru piyada yürüş zamanı saxlanmışdı.

Gabyshev-in tərəfdarı Yevgeny Rostokin AzadAvropa/AzadlıqRadiosu-na deyib ki, Yakutsk Şəhər Məhkəməsi oktyabrın 18-də qərarını açıqlayıb.

Şamanın vəkili Olga Timofeyeva hazırlıq iclasında bildirib ki, Gabyshev-ə ekstremizm ittihamı üzrə cinayət işinin açılarkən qanun pozuntusu baş verib. Belə ki, qanunvericiliyə görə, cinayət işi iddia olunan cinayətin baş verdiyi regionda açılmalıdır. Gabyshev isə doğma Yakutiya regionunda deyil, sentyabrın 19-da Buryatiyada saxlanıb.

Gabyshev piyada yürüşə martda başlamış, 2 min kilometrdən artıq qət etmişdi. O, yolda yüzlərlə adamla söhbət edir, söhbətlərinin videoları sosial mediada yayılır, milyonlarla baxış əldə edirdi.

İyulda Çita şəhərinə çatan Gabyshev “Putinsiz Rusiya!” şüarı ilə 700-dək adamı ətrafına yığmışdı. Şaman onda deyirdi ki, “Allah mənə Putinin insan yox, şeytan olduğunu deyib və mənə onu qovmaq əmri verib”.

Müstəqil ekspertlər hansı qənaətə gəliblər

Şaman sentyabrda Buryatiyada saxlanıb və Yakutiyaya transfer olunub, orada psixiatrik klinikaya salınsa da, sonradan buraxılıb.

Gabyshev-ə deyilib ki, o, Rusiya vətəndaşları arasında ekstremizm yaymaqda şübhəli bilinir və region paytaxtı Yakutskdan çıxa bilməz.

Yakutskdakı psixiatrlar Gabyshev-in psixi baxımdan sabit olmadığını deyiblər. Ancaq vəkillər bunu rədd edərək müstəqil ekspertlərin iştirakıyla müayinə təşkil ediblər.

Oktyabrın 17-də müxalifətin Açıq Rusiya təşkilatının koordinatoru Aleksei Pryanishnikov AzadAvropa/AzadlıqRadiosu-na bildirib ki, müstəqil ekspertlər Gabyshev-in psixi sağlam olduğu, psixiatrik klinikada məcburi müalicəyə ehtiyacı olmadığı, cəmiyyətə təhlükə yaratmadığı qənaətinə gəliblər.

Açıq Rusiyanın insan haqları üzrə koordinatoru Valentina Dekhtyarenko isə oktyabrın əvvəlində radioya demişdi ki, Gabyshev bir cinayət işində şübhəli sayılmasına baxmayaraq, ona rəsmən ittiham irəli sürülməyib.

Əsrlər boyunca Sibirdə şamanlara şəfaverici ilahi qüvvə kimi baxıblar. Sovet dövründə sərt repressiya görən bu mistik xadimlər Sibirin təcrid olunmuş regionlarında yenidən nüfuz qazanmaqdadır.

XS
SM
MD
LG