Əliyev Paşinyanı günahlandırır

T.Qreminger və İ.Əliyev

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, görüşdə T.Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən prezident İ.Əliyev bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır.

İ.Əliyev qeyd edib ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın fəaliyyətə başladığı ilk günlərdən (2018-ci il mayın 8-də baş nazir seçilib-AR) münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur.

O vurğulayıb ki, xüsusilə «Azərbaycan «Dağlıq Qarabağ Respublikası» ilə danışıqlar aparmalıdır» tezisi qəbuledilməzdir.

Buna da bax: Hikmət Hacızadə: Paşinyanın bəyanatından narahat olmağa dəyməz...

İ.Əliyevin fikrincə, bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir.

Rəsmi agentliyin məlumatına görə, görüşdə habelə vurğulanıb ki, Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma «Dağlıq Qarabağ Respublikası»nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir.

«Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək», - görüşdə qeyd edilib.

Buna da bax: Paşinyan: ‘Bəlkə danışıqların formatı düz deyil’

«Ermənistanda yeni diktatura...»

İ.Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulduğunu iddia edib.

«Prezident İlham Əliyev… Ermənistanın baş nazirinin siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib», - xəbərdə yazılıb.

Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldığı da bildirilir.

ATƏT-in baş katibi T.Qreminger elə bu gün, sentyabrın 12-də Azərbaycana gəlib. O, bundan əvvəl Ermənistanda işgüzar səfərdə olub.

Xatırlatma

Azərbaycan 1992-ci ilin yanvarında ATƏM-ə (1995-ci il yanvarın 1-dən Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı-ATƏT adlanır-R) üzv qəbul edilib.

ATƏT Qarabağ münaqişəsinin həllində vasitəçidir. Münaqişənin nizamlanması ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya qrupun həmsədrləridir.