Erdogan-ın fərmanından niyə narahatdırlar

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Recep Tayyip Erdogan-ın fövqəladə vəziyyətlə bağlı son fərmanı siyasi zorakılığı daha da artıra bilər, belə ki hökumətin kursunu dəstəkləyənlərə hüquqi dəstək vermiş olur. “Bloomberg” agentliyi yazır ki, Türkiyədə siyasi partiyalar belə bir xəbərdarlıqla çıxış edirlər.

Bazar günü Resmi Gazete-də dərc olunmuş fərman terrorçuluq və hökuməti devirmək cəhdlərinə qarşı atılan addımlarla bağlı tam toxunulmazlıq verir. Fərmanda deyilir ki, ötən ilki çevriliş cəhdinə, yaxud onun “davamı” sayılacaq istənilən cəhdə qarşı tədbirlərə görə mülki şəxslər hüquqi mühakiməylə üzləşməyəcəklər.

Erdogan-la müttəfiqləri siyasi opponentlərini çevrilişə cəhd edənlərin hədəflərini davam etdirməkdə suçlayırlar. Məhz bu səbəbdən bu fərmanın mümkün interpretasiyası sarıdan narahatlıq və qorxu yaranıb.

*** Buna da bax: Avstriyanın yeni kansleri: 'Türkiyəyə Avropa Birliyində yer yoxdur'

SƏNƏD KİMLƏRƏ MEYDAN VERİR

Cümhuriyyet Halk Partisi başda olmaqla, müxalifət partiyaları deyirlər ki, bu fərman təkcə ötən ilin iyulunda dövlət çevrilişinə cəhd etmiş bir qrup hərbçiylə savaşmış şəxslərə toxunulmazlıq vermir, siyasi narazıları susdurmağı hədəfləyən hökumətin də əl-qolunu açır.

Onlar terrorçuluqla mübarizə apardığını iddia edən, yaxud istənilən şəxsi öldürməyə hazır olanların yolunu açır. Gələcəkdə demokratik yürüşdə üstümüzə qisasçıları yollayacaqlar və onlara da heç bir ittiham verilməyəcək”, – CHP-dən deputat Ozgur Ozel Manisa vilayətindəki çıxışında deyib.

Keçmiş daxili işlər naziri, yeni yaradılmış İyi Partinin rəhbəri Meral Aksener Twitter-də yazıb ki, bu fərman Türkiyəni vətəndaş müharibəsinə sürükləyə bilər, çünki qiyamı yatırmaq bəhanəsiylə mülki şəxslərə silahdan istifadəyə icazə verilir. Fərman həmçinin yarımhərbi qüvvələrdən istifadəni leqallaşdırır, kürdpərəst HDP-dən deputat Ziya Pir belə deyir.

Hətta keçmiş prezident, hakim AKP-ni Erdogan-la birlikdə yaratmış Abdullah Gul xəbərdarlıq edib ki, “hamımı məyus edəcək hadisələr baş verə bilər” və qanuna yenidən baxmağa çağırıb.

Uğursuz çevriliş gecəsində 200-dən çox adam öldürülüb, onların içində dinc sakinlər, sıravi əsgərlər də olub.

*** Buna da bax: İran sanksiyaları işində jüri məşvərətə başlayır

BAŞ VƏKİL “DƏHŞƏTƏ GƏLİB”

“Bloomberg” yazır ki, fərmanda zaman və hədəflərlə bağlı ifadələr aydın deyil. AKP sözçüsü Mahir Unal onun yalnız 2016-cı il 15-16 iyul hadisələrinə aid olduğunu bildirsə də, bu, sənəddə aydın bildirilmir.

Vəkillər Kollegiyasının rəhbəri Metin Feyzioglu Facebook-da yerləşdirdiyi videoda fərmandan “dəhşətə gəldiyini” deyib. Onun fikrincə, sənədin məqsədi hökumətpərəst oyunçuları siyasi zorakılığa görə hüquqi mühakimədən qorumaqdır. O, Erdogan-ı dərhal fərmanı ləğv etməyə çağırıb.

Küçələrdəki adamlar bir-birlərini başından vuracaq. Təzəcə qəbul etdiyiniz qanun vətəndaşların bir-birini öldürməsinə, linç etməsinə, buna görə heç bir cəza çəkməməsinə, yaxud kompensasiya ödəməməsinə yol açır”, – Feyzioglu deyib.

Bazar günü verilmiş fərman ölkədəki fövqəladə vəziyyət çərçivəsində hökumətin qəbul etdiyi ziddiyyətli qərarlardan daha biridir. Fövqəladə rejimdə Erdogan-ın fərmanları qanun qüvvəsini daşıyır, parlament, yaxud məhkəmənin nəzarətindən azaddır. Türkiyə ali məhkəməsi bu ilin əvvəlində bildirib ki, fövqəladə tədbirlərin legitimliyinə qərar vermək səlahiyyəti yoxdur.