Ankara Zarrab-a cinayət işinin ləğvinə çağırır

Reza Zarrab (sağda) və Mehmet Hakan Atilla

Ankara Vaşinqtonu türkiyəli-iranlı qızıl ticarətçisi və bankirə ittihamları ləğv etməyə çağırır. Söhbət İrana ABŞ sanksiyalarından yayınmağa kömək etməkdə suçlanan biznesmen Reza Zarrab və bankir Mehmet Hakan Atilla-dan gedir.

“HƏQİQİ DƏLİL YOXDUR”

Türkiyə baş nazirinin müavini Bekir Bozdag noyabrın 27-də deyib ki, bu cinayət işinin “hüquqi əsası yoxdur”, “ittihamlar ya qaldırılmalı, ya da iş bağlanmalıdır”.

“Həqiqi dəlil yoxdur, çünki qanunsuz dəlildən istifadə oluna bilməz”, – Bozdag Türkiyənin 24 TV televiziyasına deyib.

***Buna da bax-ABŞ Reza Zarrab işinin siyasi olmadığını deyir

Zarrab 2016-cı ilin martında həbs olunub. Türkiyədə dövlətə məxsus Haklbank-ın direktor müavini Atilla isə bu ilin martından gözaltına alınıb.

Məhkəmə bu həftə başlamalıydı, ancaq jüri üzvlərinin seçilməsi noyabrın 27-nə təxirə salındığından məhkəmənin dekabrın 4-də başlanacağı gözlənir.

Bu cinayət işi Türkiyə prezident Recep Tayyip Erdogan-ı da qəzəbləndirib, o, məsələni dəfələrlə Vaşinqtonda rəsmi danışıqlarda qaldırıb.

ABŞ İDDİALARI “GÜLÜNC” SAYIR

Bozdag daha öncə də bu işin “siyasi” olduğunu demişdi. Onun sözlərinə görə, Ankara təqsirləndirilənləri “Türkiyəyə qarşı aydın dövlət çevrilişində” “girovlar” sayır.

***Buna da bax-Reza Zarrab harada saxlanır

Ankara onu da iddia edib ki, bu cinayət işi Pensilvaniyada yaşayan müsəlman ilahiyyatçı Fethullah Gulen hərəkatının başlatdığı “konspirasiya”dır. Erdogan onu ötən ilin iyulundakı uğursuz çevriliş cəhdinin arxasında durmaqda suçlayır, ancaq Gulen bunu danır.

ABŞ-da prokuror Joon H. Kim Ankaranın iddialarını “gülünc” adlandırıb.

Kim deyib ki, “təqsirləndirilənlərə ciddi cinayətlərlə bağlı ittihamlar verilib. Cinayət işinin qaldırılmasının yeganə səbəbi budur”.

ABŞ-da dairə hakimi Richard M. Berman isə bildirib ki, Türkiyə hökuməti təqsirləndirilənlərin ədalətsiz mühakimə olunduğunu düşünürsə, prokurorları tənqid etməkdənsə, dəlil ortaya qoymalıdır.