Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:22

ABŞ Reza Zarrab işinin “siyasi olmadığını” deyir


Reza Zarrab, 2013-cü il
Reza Zarrab, 2013-cü il

İrana sanksiyalarla bağlı məhkəmə işinin “qurama” və “siyasi motivli” olmasına dair iddialar “gülüncdür”. Bunu ABŞ-ın aparıcı prokuroru Türkiyə rəsmilərinin ittihamlarına cavab olaraq deyib.

“Səmimi desəm, bu, məhkəmə sisteminin necə işləməsinin fundamental yanlış anlaşıldığını göstərir”, – prokuror Joon H. Kim noyabrın 21-də Nyu Yorkda mətbuat konfransında deyib.

Söhbət türkiyəli-iranlı biznesmen Reza Zarrab-ın və Türkiyənin keçmiş yüksəkçinli məmurlarının İrana ABŞ sanksiyalarından yayınmağa kömək etməkdə suçlandığı cinayət işindən gedir.

“Təqsirləndirilənlər ağır cinayətlərdə ittiham olunurlar… Bu iş də ona görə açılıb, bu, yeganə səbəbdir”, – Kim deyib.

*** Buna da bax: Reza Zarrab harada saxlanır

HAKİM DƏ RƏSMİLƏRƏ CAVAB VERİB

Cinayət işinə nəzarət edən, ABŞ dairə hakimi Richard M. Berman noyabrın 21-də bildirib ki, Türkiyə təqsirləndirilənlərin ədalətsizliyə məruz qaldığına inanırsa, prokurorları tənqid etməkdənsə, dəlillər ortaya qoymalıdır.

Həm hakim, həm də prokuror Türkiyə tərəfdən gələn ittihamlara cavab veriblər.

Türkiyənin xarici işlər naziri Mevlut Chavushoglu noyabrın 17-də deyib ki, bu iş “siyasi motivlidir” və Zarrab-a qarşı 2013-cü ildə Türkiyədə bağlanmış cinayət işindən dəlil “qondarılıb”.

Türkiyə baş nazirinin müavini Bekir Bozdag da noyabrın 20-də İstanbulda sözügedən cinayət işini “siyasi” adlandırıb. Onun sözlərinə görə, Ankara təqsirləndirilənlərə “girov” kimi baxır, həmin cinayət işini “Türkiyəyə açıq-aşkar qəsd” sayır.

“Aydın məsələdir ki, məqsəd Türkiyənin İranla, Rusiyayla və digər ölkələrlə iqtisadi münasibətlərinə ziyan vurmaqdır”, – Bozdag deyib.

Türkiyə ittihamnamədə prezident Recep Tayyip Erdogan və nazirlərinin adlarının keçməsindən gileylənib. Ancaq bircə keçmiş iqtisadiyyat nazirinə ittiham verilib.

*** Buna da bax: Nazir keçmiş həmkarının 10 milyonlarla rüşvət almasını inkar edir

MALİYYƏ BAZARLARI

Bu arada ABŞ mediası Zarrab-ın ölkə prokurorlarıyla, Türkiyə rəsmilərinin də iştirakıyla çirkli pulyuma işinin genişləndirilməsi yönündə əməkdaşlığa gedə biləcəyini yazıb.

Zarrab-ın Menhetten dairə məhkəməsində hazırlıq iclaslarına qatılmaması bu spekulyasiyanı gücləndirib.

Onun məhkəməsi üçün jüri seçimi noyabrın 20-də başlamalıydı, ancaq ayın 27-nə ertələndi.

Cinayət işinin Türkiyə hökuməti və ABŞ-Türkiyə münasibətlərinə mümkün təsiri ucbatından maliyyə bazarları onu diqqətlə izləyir.

Jüri seçiminin ertələnməsi qərarından sonra, noyabrın 21-də türk lirəsi ABŞ dollarına qarşı rekord həddə ucuzlaşıb.

Bank səhmləri də təsirsiz qalmayıb. Belə ki, təqsirləndirilənlərin Ankara və Tehranla işləyərək İrana ABŞ sanksiyalarından yayınmağa kömək göstərdiyi bildirilir. Sanksiyalar Tehrana ticarətdə ABŞ dolları, yaxud ABŞ maliyyə qurumlarından istifadəni yasaqlayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG