Əfqan Muxtarlının apellyasiya şikayəti təmin olunmayıb

Əfqan Muxtarlı məhkəməyə gətirilən zaman

Jurnalist Əfqan Muxtarlını ev dustaqlığına buraxmaqdan imtina edən Nəsimi Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti verilmişdi.

Avqustun 31-də Bakı Apellyasiya Məhkəməsində həmin şikayətə baxılıb. Mirpaşa Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib.

Buna da bax:​ Vəkili: ‘Əfqan Muxtarlının əhvalı yaxşıdır, amma...’

Qapalı keçirilən məhkəmə iclası haqda AzadlıqRadiosu-na məlumat verən vəkil Zibeydə Sadıqova bildirib ki, prosesdə Əfqan Muxtarlı özü də iştirak edib. O, heç bir cinayət törətmədiyini, həbsinin qanunsuz və əsassız olduğunu söyləyib. Deyib ki, barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığı, yaxud girov qətimkan tədbiri ilə əvəzlənməsi önəmlidir. Çünki səhhətində ciddi problemlər var.

Zibeydə Sadıqova

“DƏRMAN VERİRLƏR, TƏZYİQİ DÜŞÜR”

Həbsdən buraxılarsa istintaqdan yayınacağı, qaçıb gizlənə biləcəyi haqda ittiham tərəfinin ehtimallarına münasibət bildirən Əfqan Muxtarlı deyib ki, ölkədən getmək niyyəti yoxdur:

"Mənim istintaqın gedişinə, hansısa şahidə təsir göstərmək fikrim də, belə bir imkanım da yoxdur. Mən bəraət almaqda və mənə qarşı qanunsuzluq eləmiş adamların məsuliyyətə cəlb olunmasında maraqlıyam. Ona görə də istintaqdan və məhkəmədən yayınmaq niyyətində deyiləm".

Buna da bax:​ RSF Əfqan Muxtarlıya azadlıq istəyir

Amma məhkəmə Əfqan Muxtarlı və müdafiəçisinin söylədiklərini nəzərə almayıb. Qısa müşavirədən sonra apellyasiya şikayətinin təmin olunmadığı açıqlanıb.

Əfqan Muxtarlı haqqında həbs qərarından verilmiş şikayət artıq Avropa Məhkəməsində qeydiyyata götürülüb.

Zibeydə Sadıqova deyir ki, Əfqan Muxtarlının səhhətindəki problemlərlə əlaqədar dəfələrlə müvafiq orqanlara müraciət olunub, amma heç bir tədbir görülmür: "O, nə həkimlə təmin olunur, nə keyfiyyətli tibbi yardım göstərilir.

Əfqan Muxtarlı onu da bildirib ki, onun ölkədən getmək niyyəti yoxdur. Dərman verirlər, təzyiqi düşür. Amma ürəyindəki problemlərlə əlaqədar heç bir müayinə və müalicə yoxdur:

"Biz müraciət eləmişik ki, heç olmasa, yaxınlarının vəsaiti hesabına həkim dəvət olunsun, müayinədən keçsin. Hələ ki, bu müraciətimizə cavab gözləyirik".

Buna da bax:​ Əfqan Muxtarlı girov əvəzində azadlığa buraxılmadı

Xatırlatma

Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq bu il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.

Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.

Buna da bax:​ Məhkəmə Ə.Muxtarlının işində iki şikayəti rədd edib

O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.

Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb.