Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 20:49

Məhkəmə Ə.Muxtarlının işində iki şikayəti rədd edib


Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Əfqan Muxtarlı 3 ay müddətinə həbs olundu

Bakı Apellyasiya Məhkəməsi bu gün, avqustun 21-də həbsdəki jurnalist Əfqan Muxtarlının işi ilə bağlı şikayətə baxarkən, müdafiə tərəfinin bütün vəsatətlərini rədd edib.

Jurnalistin vəkilləri şikayət edirlər ki, Ə.Muxtarlının qanuni maraq kəsb edən yaxınlarının onunla görüşməsinə maneə yaradılır. Üstəlik, vəkillər onlarla da bəzi halda görüşə icazə verilmədiyindən şikayət veriblər. Onlar əvvəlcə bu məsələ ilə bağlı Sabunçu Rayon Məhkəməsinə üz tutmuşdular. Ancaq məhkəmə onların şikayətlərini araşdırmaqdan imtina etmişdi.

Bakı Apellyasiya Məhkəməsinin hakimi Sahibxan Mirzəyevin sədrliyi ilə qanuni maraq kəsb edən yaxınlarının jurnalistlə görüşməsinə maneçilik yaradılmasından verilən şikayətə avqustun 21-i baxılıb.

Ə.Muxtarlının vəkili Elçin Sadıqov AzadlıqRadiosuna bildirib ki, hakimlər heyəti məhkəmə baxışından öncə şikayətə münasibət bildiriblər. Hakim deyib ki, qanunvericilikdə «qanuni maraq kəsb edən şəxslər» dedikdə, mülki işlərdə olan şəxslər başa düşülür. Ə.Muxtarlının işində müraciət edən şəxslər qanuni maraq kəsb edən insanlar hesab oluna bilməzlər. Eyni zamanda vurğulayıblar ki, qohumlar öz görüş səlahiyyətlərini başqasına verə, etibar edə də bilməzlər.

Müdafiə tərəfi hakimlərin baxışdan öncə rəy bildirməsinə etiraz ediblər.

Əfqan Muxtarlı həbsdə qaldı
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Vəkillərin verdikləri bütün vəsatətlər də rədd edilib. E.Sadıqovun bildirdiyinə görə, onlar öncə məhkəmə heyətinə etiraz ediblər. Daha sonra «qanuni maraq kəsb edən şəxslər» anlayışının izah edilməsindən ötrü Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət edilməsi barədə vəsatət verilib. Qeyd olunan vəsatətlərlə yanaşı, Bakı İstintaq Təcridxanasının vəzifəli şəxslərinin prosesə cəlb edilməsi haqda vəsatət də rədd edilib.

Məhkəmə yekunda Sabunçu Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Bir neçə jurnalist və ictimai fəal Əfqan Muxtarlı ilə görüşmək məqsədi ilə son aylar bir neçə dəfə 1 saylı Bakı İstintaq Təcridxanasına gediblər, ancaq görüş ala bilməyiblər. Baxmayaraq ki, Ə.Muxtarlının xanımı onlara etibarnamə verib. Sonuncu dəfə onlar özləri ilə təcridxanaya Məmməd Əmin Rəsulzadənin kitablarını da aparmışdılar. Həmin kitablar da Ə.Muxtarlıya çatdırılmamışdı.

Vəkil Elçin Sadıqova bu il iyunun 5-də Ə.Muxtarlı ilə görüşməsinə icazə verilməməsi işi üzrə şikayətə də bu gün, avqustun 21-i baxılıb. Hakim yenə də müdafiə tərəfinin vəsatətlərini rədd edərək, aşağı məhkəmənin qərarını qüvvədə saxlayıb.

E.Sadıqov hər iki qərarın qanunsuz olduğunu, yaxın günlərdə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edəcəklərini bildirib.

XATIRLATMA

Gürcüstandan oturum izni alan jurnalist Ə.Muxtarlı mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, həmçinin, sərhədə cibinə 10 min avro da qoyulub.

Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.

Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.

Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Daha sonra onun həbs müddəti 2 ay artırılıb.

Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının da müəllifi idi.

Günün bütün mövzuları

XS
SM
MD
LG