Trump Çini ittiham edir

Trump Çin jurnalının üz qabığında

ABŞ prezidenti Donald Trump Çini ittiham edib ki, Şimali Koreyayla mübahisəsində Birləşmiş Ştatlara kömək üçün “heç nə” etmir və “bunun belə davam etməsinə imkan verməyəcəyik”.

Trump bunları iyulun 29-da “Twitter”də yazıb. Bir gün öncə Pxenyan qitələrarası ballistik raket (ICBM) sınağı keçirib və bildirib ki, artıq nüvə silahları ilə Birləşmiş Ştatlara çata bilər.

Buna da bax:​ Amerikalılara Şimali Koreyaya getmək qadağan olunur

Trump tvitlərində keçmiş ABŞ administrasiyalarını suçlayıb ki, Pekinin yardım göstərməməsinə baxmayaraq, Çinə ticarət sövdələşmələrindən milyardlar qazanmağa imkan veriblər.

“Çindən çox narazıyam. Keçmiş səfeh liderlərimiz onlara ticarətdən ildə milyardlarla dollar qazanmağa imkan veriblər. Ancaq bizim üçün Şimali Koreyayla münasibətlərdə HEÇ NƏ etməyiblər. bunun davam etməsinə imkan verməyəcəyik. Çin bu məsələsi asanlıqla həll edə bilərdi!”, – o yazıb.

2016-cı ildə Birləşmiş Ştatların Çinlə ticarət defisiti 309 milyard dollar olub.

Buna da bax:​ Şimali Koreya liderindən raketləriylə bağlı iddia

Trump və dünyanın digər liderləri Çini dəfələrlə çağırıblar ki, nüvə və ballistik raket proqramlarına görə Şimali Koreyaya təzyiq göstərsin.