AB ilə danışıqların növbəti raundu olacaq

Malena Mard, Bakı, 1 Aprel 2014

Avropa Birliyi (AB) ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni sazişın razılaşdırılması ilə bağlı müzakirələrin növbəti raundunun vaxtı məlum olub.

Bu haqda AB-nin Azərbaycan Ofisinin rəhbəri Malena Mard məlumat verib.

Onun bildirdiyinə görə, növbəti danışıqlar iyunun 13-dən 14-nə kimi keçiriləcək. Müzakirələr Bakıda olacaq.

Buna da bax:​ AB Genişləndirmə komissarı Bakıya gəlir

“Avropa Birliyinin yeni sazişlə bağlı danışıqları daimi xarakter daşıyır. Gələn həftə Bakıya iki nümayəndə heyəti gələcək. Onlar danışıqlara görə, səfər edəcəklər”, – M.Mard deyib.

O, danışıqların məzmunu ilə bağlı əlavə bilgi verməyib.

Azərbaycanla Avropa Birliyi (AB) arasında yeni saziş layihəsi üzrə danışıqlara bu ilin fevralında başlanıb. Bu əvvəlcə texniki xarakter daşıyıb. Aprelin 26-sı isə danışıqların ilkin mərhələsi başa çatıb.

Həmin danışıqlar Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) aparılmışdı. Ancaq müzakirələrin təfərrüatları açıqlanmamışdı.

Buna da bax:​ “Avropa Birliyi ilə vizasız gediş-gəlişə nail olan bir ölkədə jurnalistin oğurlanması...”

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq, Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

Buna da bax:​ AB həbsdəki jurnalist və fəalların azadlığını istəyir

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.