Vəkil: 'Həbsdəki satirik şairin ürək ağrıları var'

Tofiq Həsənli

Həbsdəki satirik şair Tofiq Həsənlinin səhhətində problemlər yaranıb.

Bu barədə T.Həsənlinin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkil bu gün, mayın 18-də şairlə saxlandığı 6 saylı Cəzaçəkmə Müəssisəsində görüşüb.

“Əhvalı yaxşıdır, ancaq səhhətində ciddi problemlər var. Ürək nahiyəsində kəskin ağrılar hiss edir. Müəssisə rəhbərliyinə müraciətlər etsə də onun müayinə edilməsi ilə bağlı addımlar atılmır”, – vəkil bildirib.

Buna da bax:​ 'Ombudsman satirik şairin işgəncə iddiasını araşdırmayıb'

Vəkil şairin müalicə olunmasına şərait yaradılmasından ötrü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbərliyinə müraciət edəcəyini bildirib.

Vəkilin açıqlamasına, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

XATIRLATMA

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

Buna da bax: Satirik şair: ‘84 yaşlı xəstə anamı gözüyaşlı qoymayın’

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

2005-ci ildə də o, narkotikə görə üç il azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.