Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 05:26

Satirik şair: ‘84 yaşlı xəstə anamı gözüyaşlı qoymayın’


Satirik şair Tofiq Həsənli
Satirik şair Tofiq Həsənli

“Bütün materiallar mənim günahsız olduğumu sübut edir. Hər kəsi öz vicdanına buraxıram və 84 yaşlı xəstə anamı gözüyaşlı qoymamağınızı xahiş edirəm”.

Həbsdə olan satirik şair Tofiq Həsənli apelyasiya şikayəti üzrə məhkəmə prosesində son sözündə belə deyib.

Böyük ölçüdə narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilmiş satirik şairin apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsində Ələsgər Novruzovun sədrliyi ilə baxılırdı. Dekabrın 22-də proses yekunlaşıb.

Tofiq Həsənli son sözündə vurğulayıb ki, ona ittiham saxta, polislərin quraşdırması olub. İttihamları təsdiqləməsi barədə sənədə də dilə gətirilməyəcək hədə-qorxu nəticəsində imza atıb.

Buna da bax:​ Satirik şairin hal-şahidi 'cinayətkarlığa qarşı mübarizə' apardığını deyib

“İstintaq zamanı ortaya çıxan kifayət qədər ziddiyyətlər, şahidlərin uyğun gəlməyən ifadələri və polisin qeyri-peşəkarlığı bir daha mənim günahsız olduğumu sübut edir. Həqiqətə göz yumub, ədaləti gizlətməyin. Polisin qeyri-peşəkarlıq edib özünü ifşa etməsi dövlətə xəyanət deyilmi? Mağazaya qanunsuz girən Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının dindirilməsini təmin etmədiniz. Hansı ki, narkotiki cibimə atan da, mağazaya qoyan da, məni şərəf və ləyaqətimi alçaltmaqla hədələyən də onlardır”, T.Həsənli deyib.

O, çıxışının sonunda hakimlərə xitab edərək bildirib:

“İlk məhkəmə iclasında demişdim - hər kəsin vicdanı onun ədaləti ilə ölçülür. İnanıram ki, siz vicdanlı, ədalətli və qanunlara hörmətlə yanaşan hakimsiniz. Burda olan hər kəsi öz vicdanına buraxıram və 84 yaşlı xəstə anamı gözüyaşlı qoymamağınızı xahiş edirəm”.

Buna da bax:​ Satirik şairin məhkəməsinə şahidlər gəlmir

Ondan əvvəl vəkil Elçin Sadıqov da ittihamların qurma olduğunu, satirik şairin heç bir qanuni əsas olmadan həbs edildiyini, çoxsaylı hüquqlarının pozulduğunu məhkəmə heyətinin diqqətinə çatdırmışdı.

Vəkil də satirik şair barəsində hökmün ləğv edilməsini tələb etmişdi.

Ancaq məhkəmə apelyasiya şikayətini əsaslı hesab etməyib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin avqustun 22-də çıxardığı hökm qüvvədə saxlanıb.

Vəkil məhkəmədən sonra qərarın tamamilə əsassız olduğunu, Ali Məhkəmənin bu yanlışı düzəldəcəyinə ümidvar olduğunu ifadə edib. Əks halda, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək.

Buna da bax:​ 'Prokuror qarşısında boynunu bükən, 'makler-vəkil'lərlə kimsənin işi yoxdur'

Tofiq Həsənlinin məhkəmədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları haqqında dediklərinə, hələlik, bu qurumdan münasibət öyrənilməyib.

Ancaq bundan əvvəl Daxili İşlər Nazirliyinin mətbuat xidməti satirik şairin narkotik maddə istifadə etdiyi ilə bağlı açıqlama yaymışdı.

Xatırlatma

Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib. Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

Buna da bax: Satirik şair: 'Məni butulka ilə hədələdilər'

2005-ci ildə də o, narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib, amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında o, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayınlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG