Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 07:39

'Ombudsman satirik şairin işgəncə iddiasını araşdırmayıb'


Satirik şair Tofiq Həsənli

“İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatı həbsdəki satirik şair Tofiq Həsənlinin saxlanarkən işgəncəyə məruz qalması iddialarını araşdırmaqdan imtina edib”.

Bunu AzadlıqRadiosu-na satirik şairin vəkili Elçin Sadıqov deyib.

T.Həsənlinin həbs olunarkən işgəncəyə məruz qalması iddiaları ilk dəfə onun məhkəmə prosesində açıqlanmışdı.

Vəkil deyir ki, T.Həsənli işgəncə və qeyri-insani rəftara məruz qalıb:

Buna da bax:​ Həbsdəki şairin ürək ağrıları var

“Bununla bağlı hüquqi prosedurları yanvar ayından başlatmışıq. Baş verənlərin araşdırılması üçün Baş Prokurorluqla yanaşı Ombudsmana da müraciət etmişdik. Ancaq Ombudsmandan bizə imtina cavabı verdilər”. Vəkil bildirir ki, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı müraciətlərinə imtina ilə bağlı cavab göndərib.

“Cavabda bildirilir ki, T.Həsənli artıq 6 il müddətinə azadlıqdan məhrum edilib. Ombudsman Aparatı yazır ki, hakimlər müstəqildir və işgəncə məsələsinin araşdırılması onların fəaliyyətinə müdaxilə olardı”, deyən vəkil insan haqları üzrə müvəkkilin bu olayı araşdırmaqdan imtinasından təəssüfləndiklərini bildirib.

Vəkil Ombudsman Aparatından fərqli olaraq Baş Prokurorluğa müraciətin araşdırılması istiqamətində addımların atıldığını bildirib.

Buna da bax: Rüfət Səfərov 9, Tofiq Həsənli 6 saylı həbsxanaya köçürülüb

“Prokurorluq nümayəndəsi T.Həsənli ilə görüşüb və işgəncə ilə bağlı ifadəsini alıb. Ancaq, hələlik, qərar verməyiblər”, vəkil deyib...

Tofiq Həsənli Şirvan Apellyasiya Məhkəməsindəki çıxışında istintaq zamanı qeyri-insani rəftara, işgəncəyə məruz qaldığını açıqlamışdı.

“Məni həbs edəndə yazdığım şerlərə iradlarını bildirirdilər. Açıq şəkildə deyirdilər ki, narkotik ittihamını təsdiqləməliyəm, yoxsa mənə çox pis olacaq. Mən ittihamı üzərimə götürməyə etiraz edirdim. Məni butulka ilə hədələdilər. Əxlaqsız hərəkətlər edəcəklərini dedilər. Bu hədələr real idi, nəticədə ittihamı təsdiqləməyə razılaşmaqdan qeyri çarəm qalmadı”, satirik şair məhkəmədə demişdi...

Buna da bax:​ Satirik şair: ‘84 yaşlı xəstə anamı gözüyaşlı qoymayın’

Onun bu açıqlamasına, hələlik, Daxili İşlər Nazirliyindən (DİN) hər hansı münasibət almaq mümkün olmayıb. Satirik şairi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları saxlamışdılar. Ancaq DİN bir qayda olaraq işgəncə iddialarını yalanlayır. Hətta polisdə işgəncə gördüyünü dilə gətirən bloqqer Mehman Hüseynov böhtan atmaqda ittiham edilərək 2 il həbs cəzası alıb.

XATIRLATMA

Satirik şairi Tofiq Həsənli 2016-cı il avqustun 22-də qanunsuz narkotik dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrum edilib. Onun apellyasiya şikayəti də təmin olunmayıb.

T.Həsənli KİV-də hakimiyyətin və dövlət məmurlarının ünvanına tənqidi pamfletləri ilə tanınır.

Buna da bax:​ Satirik şairin hal-şahidi 'cinayətkarlığa qarşı mübarizə' apardığını deyib

2005-ci ildə də O, narkotikə görə üç il müddətinə azadlıqdan məhrum edilib. Amma 2007-ci ildə amnistiya ilə azadlığa buraxılıb.

T.Həsənli Facebook və Youtube hesablarında satiralarını yaymağa davam edib. 2015-ci ilin yanvarında O, həbslə hədələndiyini bildirib, oktyabrda isə saxlanıb. Buna qədər onun xaricdən yayımlanan «Azərbaycan saatı» proqramında tənqidi şerləri oxunurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG