Bloqqerin işgəncə iddiasına baxılacaq vaxt bilindi

Mehman Hüseynov məhkəməyə gətirilən zaman.

Həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncə iddiası üzrə şikayətinə Bakı Apellyasiya Məhkəməsində sabah, aprelin 6-sı baxılacaq.

Bunu AzadlıqRadiosu-na M. Hüseynovun vəkili Elçin Sadıqov bildirib.

“Şikayətə sabah saat 12:30-da baxılacaq. Şikayət hakim Qail Məmmədovun icraatına verilib”, deyən vəkil məhkəmə iclasının qapalı olacağını bildirib.

Buna da bax:​ Bloqqer işgəncə şikayətlərini davam etdirir

M.Hüseynovun işgəncə iddiasına Səbail rayon Məhkəməsi baxmışdı. Məhkəmə M.Hüseynova işgəncə verilməsi iddiası ilə bağlı müdafiə tərəfin vəsatətlərini təmin etməmişdi. Apellyasiya şikayəti vəsatətlərin təmin edilməməsindən verilib.

XATIRLATMA

Mehman Hüseynov bu il martın 3-də Suraxanı rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun çıxardığı hökmlə 2 il azadlıqdan məhrum edilib. Onu Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında şikayəti əsasında cəzalandırıblar.

Buna da bax:​ Mehman Hüseynov: 'Təmin olunmasa da, heç vecimə deyil...'

M.Hüseynov yanvarın 9-da axşam saatlarında saxlanmışdı. Polisin qanuni əmrinə tabe olmamaqda günahlandırılan bloqqer bir gün sonra 200 manat cərimə edilməklə sərbəst buraxılmışdı. Nəsimi rayon Məhkəməsinin qərarında bloqqerin 200 manat cərimə edilməsi ilə yanaşı, onun şikayətinin prokurorluqda araşdırılması da öz əksini tapmışdı.

M.Hüseynov sərbəst buraxıldıqdan sonra polisdə işgəncələrə məruz qaldığını bildirmişdi.

Ancaq Daxili İşlər Nazirliyi bloqqerin işgəncə iddialarını əsassız saymışdı. Ardınca da Nəsimi rayon Polis İdarəsinin rəisi M.Musayev xüsusi ittiham qaydasında bloqqerdən şikayət etmişdi.

Buna da bax:​ Bloqqerin 4 saatdan çox davam edən məhkəməsi...

Şikayətdə M.Hüseynovun işgəncəyə məruz qalmasını bildirməsi polisə böhtan kimi dəyərləndirilirdi.

Prokurorluq bloqqerin işgəncə şikayəti ilə bağlı cinayət işi açılmasına lüzum görməyib. Ardınca müdafiə tərəfinin bununla bağlı şikayətini də Səbail rayon Məhkəməsi qəbul etməyib.