Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:31

Bloqqerin 4 saatdan çox davam edən məhkəməsi...


Mehman Hüseynov məhkəməyə gətirilir. 28 mart 2017.
Mehman Hüseynov məhkəməyə gətirilir. 28 mart 2017.

Martın 28-də paytaxtın Səbail rayon məhkəməsində həbsdə olan bloqqer Mehman Hüseynovun işgəncəyə məruz qalması haqda şikayətinə baxılıb.

Dörd saatdan çox davam edən məhkəmə prosesinin sonunda hakim Aytən Əliyeva bloqqerin şikayətini təmin etməyib. Məhkəmə prokurorluğun Mehman Hüseynov haqda qərarını haqlı sayıb.

Buna da bax:​ Bloqqer Mehman Hüseynova 'hə' deyildi? [video]

Bakı Şəhər Prokurorluğu Mehman Hüseynovun yanvarın 9-da inzibati qaydada saxlanılarkən Nəsimi Rayon Polis İdarəsində işgəncəyə məruz qalması haqda söylədiklərini əsassız hesab edib və onun cinayət işi başlanması haqda müraciətilə bağlı rədd qərarı çıxarıb. Mehman Hüseynovun vəkilləri prokurorluğun bu qərarından məhkəməyə şikayət etmişdi.

Vəkillər Fuad Ağayev və Şəhla Hümbətova. 28mart2017
Vəkillər Fuad Ağayev və Şəhla Hümbətova. 28mart2017

Bliqqerin vəkilləri qapalı keçirilən məhkəmə haqda AzadlıqRadiosu-na bildirib ki, hakim onlar 7 vəsatət qaldırıblar, hakim heç birini təmin etməyib. Hətta vəkillərə və Mehmanın özünə 132 səhifəlik iş materialları ilə tanış olmağa da şərait yaradılmayıb.

Buna da bax:​ Mehman Hüseynova bəraət istənilir

Vəkil Elçin Sadıqov deyir ki, məhkəmədə bloqqer məruz qaldığı işgəncələr haqda ətraflı danışmaq istəsə də, hakim ona mane olmağa çalışıb. Buna baxmayaraq, Mehman Hüseynov bu haqda danışıb.

"Məhkəmə tələm-tələsik keçirildi. Çıxarılan qərarı qanunsuz hesab edirik və üç gün ərzində apellyasiya şikayəti verəcəyik. Hakim qərarın yalnız nəticə hissəsini elan etdi, hətta şikayətimizi niyə təmin etmədiyini də əsaslandırmadı", - Elçin Sadıqov belə deyir.

Vəkil Elçin Sadıqov. 28mart2017
Vəkil Elçin Sadıqov. 28mart2017

Bloqqerin digər vəkili Fuad Ağayev hesab edir ki, məhkəmənin tələskənliyi səbəbsiz deyil. Müdafiəçi deyir ki, Mehman Hüseynovun böhtana görə iki il azadlıqdan məhrum edilməsinə dair qərarda prokurorluğun qərarına istinad olunub. Prokurorluq Mehmanın işgəncəyə məruz qalmadığı nəticəsinə gəlib və məhkəmə də hökmünü bununla əsaslandırıb.

Buna da bax:​ Mehman Hüseynovun işgəncəylə bağlı şikayətinə baxılacaq

Martın 29-da Bakı Apellyasiya Məhkəməsində həmin hökmdən verilmiş şikayət üzrə ilkin baxış iclası keçiriləcək. Fuad Ağayev deyir ki, apellyasiya şikayətinə mahiyyəti üzrə baxılana qədər işgəncə ilə bağlı məhkəmə qərarının da qüvvəyə minməsinə çalışırlar.

"Bu gün baş verənlər məhkəmə deyildi, sadəcə, məhkəmə görüntüsü yaratmışdılar. Mən işə bu gün qoşulmuşdum, işlə tanış olmaq üçün vaxt lazım idi. Mənə 132 səhifəlik işlə tanış olmaq, surətlərini çıxarmaq üçün cəmi yarım saat vaxt verildi. Bu müddətdə heç 132 səhifəni oxumaq mümkün deyil, nəinki müdafiə qurmaq. Biz əlavə şahidlərin dindirilməsi, Nəsimi Rayon Polis İdarəsində olan videokameraların yaddaşındakı görüntülərə baxış keçirilməsi, Mehman Hüseynovun tibbi komissiyadan keçirilməsi haqda vəsatətlər vermişdik. Heç biri təmin olunmadı", - bloqqerin başqa bir vəkili Şəhla Hümbətovanın sözləridir.

Buna da bax: 'Mehmanın hüquqlarını pozanlar cəzalandırılsın'

Vəkillər prosesin gedişində hakim Aytən Əliyevaya etiraz veriblər. Amma etiraz baxılmamış saxlanıb.

Fuad Ağayev deyir ki, hakimin bu qərarı da qanunsuz idi. Çünki hakimə verilən etiraza məhkəmənin sədri baxıb qərar verməlidir.

Vəkillər Səbail Rayon Məhkəməsinin qərarını alan kimi apellyasiya şikayəti verəcəklərini bildiriblər.

Xatırlatma

Yanvarın 9-da axşam bloqqer Mehman Hüseynovun yoxa çıxmasıyla bağlı sosial mediada məlumat yayılmış və bir gün sonra - Nəsimi Rayon Məhkəməsində hakim önünə çıxarılarkən, onun 22 saylı polis bölməsində saxlandığı məlum olmuşdu.

Nəsimi Rayon Məhkəməsi bloqqeri polisin qanuni əmrinə tabe olmamaqda təqsirli bilərək, onu 200 manat cərimələmişdi. Mehman Hüseynov məhkəmədən sonra ona polisdə işgəncə verildiyini iddia etmişdi.

Bu açıqlamanı polisə böhtan sayan Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə üz tutmuşdu.

Həmin şikayət əsasında Suraxanı Rayon Məhkəməsi martın 3-də bloqqerə 2 il həbs cəzası kəsmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG