İlham Əliyev Claude Bartolone ilə görüşüb

İlham Əliyev və Claude Bartolone.

Azərbaycan prezidenti İlham Əliyevin martın 14-də Parisdə Fransa Respublikası Milli Assambleyasının sədri Claude Bartolone ilə görüşü olub.

AZƏRTAC xəbərinə görə, görüşdə Claude Bartolone deyib ki, fransız şirkətləri Azərbaycanda müxtəlif sahələrdə çox yaxşı fəaliyyət göstərirlər. Milli Assambleyanın sədri Fransanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışdığını qeyd edib.

Buna da bax:​ HRW: Hollande İlham Əliyevə desin ki...

Prezident İlham Əliyev isə Azərbaycan qazını Avropaya çatdırmağı nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsindən ötrü səylə çalışdığını qeyd edib.

Prezident İlham Əliyev Azərbaycan ilə Fransa arasında mədəni sahədə də çox güclü əməkdaşlığın olduğunu deyib. O vurğulayıb ki, Azərbaycanda Fransız Liseyi və Universiteti fəaliyyət göstərir.

Söhbət zamanı prezident Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verib.

Buna da bax:​ Azərbaycan milyardlarla dolları təhlükə altında qoyub

Prezident İlham Əliyev martın 12-də Fransaya gedib. Onun bu gün, martın 14-də Fransa prezidenti François Hollande ilə də görüşü gözlənir.

O, bundan əvvəl Fransa Senatının rəhbəri və bir sıra beynəlxalq şirkətlərin təmsilçiləri ilə görüşüb.