Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 05:38

Azərbaycan milyardlarla dolları təhlükə altında qoyub


Xəzər
Xəzər

«The Financial Times» (FT) qəzeti yazır ki, Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (EITI) təşkilatını tərk etməklə qaz kəmərinə veriləcək milyardlarla dolları təhlükə altında qoyub.

Azərbaycan EITI-dən çıxdığını keçən həftə – martın 10-da elan etdi. Çünki bir gün öncə EITI bu ölkənin qurum qarşısındakı öhdəliklərinə əməl etmədiyini, buna görə də qurumdakı fəaliyyətinin dayandırıldığını bildirib.

«Beləliklə, Xəzərin qaz ehtiyatlarını Avropa bazarlarına çıxaracaq Cənub Qaz Dəhlizinə ayrılacaq 46 milyard dollarlıq kreditin gələcəyi şübhə altına düşüb», – FT yazır.

SEÇİM

Dünya Bankı layihəyə 400 milyon dollarlıq krediti artıq ayırıb. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə danışıqlar gedir. BP də layihədə payçıdır. FT hər 3 qurumun EITI-yə üzv olduğunu və indi bu qurumların kommersiya maraqlarıyla şəffaflıq və düzgün dövlət idarəçiliyi prinsiplərinin təbliği arasında seçim etməli olduğunu vurğulayır.

Buna da bax-Azərbaycan Şəffaflıq Təşəbbüsündən çıxdı

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov Azərbaycanın EITI-dən çıxdığını elan edərkən bunun kreditlərə təsir göstərməyəcəyini vurğulayıb: «EITI-yə üzvlüyümüzlə Cənub Qaz Dəhlizi layihəsinə ayrılacaq kreditlər arasında birbaşa əlaqə olduğunu güman etmirik… Biz prinsiplərimizdən deyil, təşkilatdan imtina edirik. Azərbaycan mədən sənayesində şəffaflıq və məsuliyyət prinsiplərindən əl çəkmir. Biz bu prinsiplərə sadiqik və gəlirlərimiz haqda bütün informasiyaları həmişəki kimi açıq saxlayacağıq», – Ş.Mövsümov belə deyib.

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın qurumu tərk etməsinə münasibətini bildirərkən, hər hansı layihəni maliyyələşdirməzdən əvvəl «öz ciddi daxili prinsiplərinə» sadiq qaldığını vurğulayıb.

Buna da bax-'Hökumətin qurumu tərk etməsi kredit reytinqinə təsir göstərəcək'

BP Azərbaycanın addımından təəssüfləndiyini, EITI-nın qərarının və bu qərarın nəticələrinin kimsənin maraqlarına uyğun olmadığını bildirib.

DÜNYA BANKI AZƏRBAYCANA DAYAQ DURACAQ

Dünya Bankı isə Azərbaycana bundan sonra da dayaq duracağını, gəlirlərin şəffaf idarəsi strukturunun və mədən sənayesində şəffaflığın inkişafına göstərdiyi yardımı davam etdirəcəyini söyləyib.

«The Financial Times» qəzeti Azərbaycanın uzun illərdir bir ailə tərəfindən idarə olunduğunu, prezident İlham Əliyevin insan haqlarını kobudcasına pozmaqda günahlandırıldığını qeyd edir. EITI-nin keçən həftə Boqotada keçirilən toplantısında da Azərbaycanın fəaliyyətinin ölkədə vətəndaş cəmiyyətinin inkişafına imkan verilməməsi, ölkənin bu sarıdan irəliyə getməməməsinə görə dayandırıldığı deyilib.

EITI keçən ilin oktyabrında Azərbaycana qanunlarını dəyişməyə, QHT-lərin maliyyələşməsi və qeydiyyatıyla bağlı qaydalara düzəliş etməyə 4 ay vaxt vermişdi. «Amma hökumət bu tələblərə əməl etmədi və sonucda bu qərarı verməli olduq», - EITI-nin Azərbaycan haqda bəyanatında belə deyilir. Qurum həmçinin, Azərbaycandakı siyasi məhbusların –«ədalətsizcəsinə həbs edilmiş, işgəncələrə məruz qalmış, saxta ittihamlarla tutulmuş» şəxslərin azadlığa buraxılmasını istəyirdi, EITI-nin iyul toplantısına qədər dəyişiklik olmasa, Azərbaycanın qurumdan çıxarılacağını bildirirdi. Amma Azərbaycan qurumu özü elə bəyanatın ertəsi günü tərk etdi.

XS
SM
MD
LG