'Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur'

'Şəhidlər Xiyabanı' (arxiv fotosu).

Fevralın 25-də cəbhə bölgəsində həlak olmuş əsgər Zakir Cəfərovun Keşlə qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilməsinə yer olmadığı bildirilir.

Bu barədə “Turan” Agentliyinə mərhumun atası Nazim Cəfərov bildirib.

Onun sözlərinə görə, Nizami Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirib ki, “Şəhidlər Xiyabanı bağlıdır, orada yer yoxdur”.

Əzizləri həlak olan hərbçini adi kənd qəbiristanlığında dəfn etməli olublar Bunun həm valideynlərinin, həm də qəsəbə sakinlərinin narazılığına səbəb olduğu bildirilir

Buna da bax:​ Bu yaz müharibə başlaya bilər... [video]

Dəfndə iştirak edən sakinlər icra hakimiyyətinin rəftarının vətən uğrunda canından keçən insanlara hörmətsizlik olduğunu, hiddətləndiklərini bildiriblər.

Xatırlatma

Fevralın 24-dən 25-ə keçən gecə cəbhə boyunca baş verən döyüşlər zamanı Azərbaycan itki vermişdi. Nazirliyin fevralın 27-də açıqladığı məlumatda bildirilirdi ki, həmin gecə Azərbaycanın həlak olan 5 hərbçisinin- Aqşin Abdullayevin, Şahlar Nəzərovun, Tural Haşımlının, Zülfü Qədimovun və Zakir Cəfərovun nəşi beynəlxalq təşkilatların vasitəçiliyi ilə döyüş meydanından təxliyə edilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

Buna da bax: Məmmədyarov Qarabağ görüşlərinə optimist yanaşmır

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Ancaq, hələ də, tərəflər bir-birini atəşkəsin pozulmasında ittiham edir. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü, yenidən itkilərin olduğu bildirilir.