Qəbulda bəziləri imtahan pulu ödəməyəcək

Qəbul imtahanı.

Orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı imtahanlarda ilk dəfə iştirakda imtahanlar pulsuz olacaq.

Bundan başqa, ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə ilk dəfə qəbul olmaq istəyənlər də imtahanlarda ödəniş etməyəcəklər.

Prezident İlham Əliyevin fevralın 24-də tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncamında belə yazılır.

Buna da bax:​ Ali məktəblərə qəbul qaydaları müəyyən edilib

Qeyd olunan kateqoriyadan olan abituriyentlərin imtahan ödənişi dövlət büdcəsinin vəsaiti hesabına təmin olunacaq.

Sərəncama görə, Dövlət İmtahan Mərkəzi ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan 15 gün müddətində Maliyyə Nazirliyinə təqdim etməlidir.

Maliyyə Nazirliyi isə 15 gün ərzində təqdim olunan siyahı əsasında hesablanmış vəsaitin Dövlət İmtahan Mərkəzinə ödənilməsini təmin etməlidir.

Buna da bax: İmtahan Mərkəzi abituriyentlərə bu il niyə iki şans verir? [video]

XATIRLATMA

Prezident İlham Əliyev fevralın 10-da bu məsələ ilə bağlı sərəncam vermişdi. Dövlət İmtahan Mərkəzinin fəaliyyətində bəzi məsələləri əhatə edən sərəncam qəbul imtahanları ilə bağlı idi.

Həmin sərəncama görə, Tarif Şurası 15 gün ərzində təhsil müəssislərinə qəbul imtahanlarında iştirak etməkdən ötrü ödənişin məbləğini müəyyən etməli idi.

Buna da bax:​ İmtahanlar pullu olacaq

Sərəncamda Tarif Şurasına orta ixtisas, ali təhsil müəssisələrinə və Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə qəbul ilə bağlı imtahanlarda ödənişin məbləğini müəyyən etmək göstərişi verilmişdi.