Azərbaycan qondarma rejimi təbliğ edənlərlə bağlı İnterpola sorğu verib

INTERPOL-un baş qərargahı.

Azərbaycan Avropa Parlamentinin üzvləri - Lüksemburq vətəndaşı Frank Engel, Kipr vətəndaşı Eleni Teoxarus və Çex vətəndaşı Yaromir Ştetina ilə bağlı interpola sorğu verib.

APA-nın xəbərinə görə, bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat verib.

Buna da bax:​ KTMT: "Brdyuja Qarabağla bağlı bəyanata görə işdən getməyib"

Həmin şəxslər “Dağlıq Qarabağ Respublikası” adı altında yaradılmış qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsində, Azərbaycanın işğal olunmuş ərazilərində keçirilmiş qondarma “referendum” da “müşahidəçi” qismində iştirak etməkdə şübhəli sayılırlar.

Mətbuat xidməti bildirir ki, onların Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində beynəlxalq axtarış verilmələrindən ötrü İnterpola müvafiq sorğu göndərilib.

Buna da bax: N.Məmmədov: 'AB Azərbaycanın ərazi bütövlüyünü tanımırdı'

Bu il fevralın 20-si separatçı “Dağlıq Qarabağ Respublikası”nda konstitusiya referendumu keçirilib. Azərbaycan bunu Ermənistanın təxribatı və Qarabağ münaqişəsi ilə bağlı danışıqların pozulması kimi dəyərləndirib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.