Avropa Məhkəməsi 4 şikayəti araşdırmağa başladı

Avropa İnsan Hüquqları Məhkəməsi.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan göndərilən daha 4 şikayəti araşdırmağa başlayıb.

Həmin şikayətlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Ruslan Nəsirli, Türkel Əlisoy, Saqif QurbanovRafiq Cəlilovla bağlıdır.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Şikayətçilərin hamısı etiraz aksiyalarına görə, saxlandıqlarını bildirir. Bəziləri demələrinə görə, aksiya zamanı, bəzisi isə aksiyadan öncə polisə aparılıb.

Buna da bax:​ 27 siyasi məhbusun adı əfv komissiyasına verilib

Onlar barəsində müxtəlif müddətə inzibati həbs, cərimə cəzaları tətbiq edilib.

AİHM üz tutanlardan Rafiq Cəlilov yerli telekanallardan birində talışlar haqqında ifadələrə etiraz məqsədilə keçirilən aksiyaya görə saxlandığını bildirir.

Şikayətçilər Avropa Məhkəməsinə müraciətlərində Avropa Konvensiyanın 5-ci (Azadlıq və toxunulmazlıq hüququ), 6-cı (Ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (Sərbəst toplaşmaq hüququ) maddələrində nəzərdə tutulan hüquqlarının pozulduğunu iddia edirlər.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətlərlə bağlı suallarını artıq Azərbaycan hökumətinə göndərib.

Buna da bax: Ali Məhkəmə Xədicə İsmayıla yox dedi

Bu günlər AİHM daha 11 müxalifətçinin şikayətini təmin edib.

Ümumilikdə 11 şikayətçinin müraciəti üzrə çıxarılan qərarlarda məhkəmə Azərbaycan dövlətini üst-üstə 138 min 870 avro cərimələmişdi.

XATIRLATMA

Bu ilin yanvarında AİHM 2016-ci ilin yekunları ilə bağlı hesabat yaymışdı.

Sənəddə bildirilirdi ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

Buna da bax:​ 11 müxalifətçi Avropa Məhkəməsini uddu

AİHM 2016-cı ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 16 qərar qəbul edib. Hesabatda həmin qərarların hamısında hüquq pozuntusunun tanındığı qeyd olunur.

Hesabatda Azərbaycandan gedən şikayətlərin artdığı də bildirilirdi.