Parlament: 'Əsgərin nəşinin qaytarılması üçün tədbirlər görün'

Arxiv fotosu.

“25 ildən artıqdır ki, Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayan Ermənistan beynəlxalq hüquq normalarını kobudcasına pozmaqda davam edir. 2016-cı il dekabrın 29-da həlak olmuş Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi buna bariz nümunədir”.

Yanvarın 23-də Milli Məclisin insan hüquqları komitəsinin beynəlxalq təşkilatlara ünvanladığı bəyanatda belə deyilir.

Buna da bax:​ 'Hərbiçinin meyitinin qaytarılması prezidentin diqqət mərkəzində'

Sənəddə deyilir ki, Azərbaycan tərəfi bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib. ATƏT-in Minsk qrupunun həmsədrləri və Avropa Şurasının Baş katibi Torbyorn Yaqland bu il yanvarın 9-da və 11-də bəyanat verərək, Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilmiş Azərbaycan əsgərinin nəşini dərhal qaytarmağa çağırıblar.

“Müraciətlərə baxmayaraq, Ermənistan Cenevrə konvensiyalarının tələblərini kobud şəkildə pozmaqda və əsassız iddialar irəli sürməkdə davam edir”, bəyanatda vurğulanır.

Buna da bax:​ Rusiya XİN rəsmisi Azərbaycan hərbçisinin meyitinin qaytarılmamasından danışıb

Komitə beynəlxalq təşkilatları əsgər Çingiz Qurbanovun nəşinin qaytarılmasına görə zəruri və təxirəsalınmaz tədbirlər görməyə çağırır.

XATIRLATMA

Azərbaycan əsgəri Çingiz Qurbanov ötən il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədinin Qazaxdan keçən hissəsində həlak olub.

Müdafiə Nazirliyi əsgərin meyitinin geri qaytarılması ilə bağlı BQXK-nin Azərbaycan nümayəndəliyinə və ATƏT-in Minsk Qrupuna müraciət edib.

Buna da bax:​ Ermənistandan Azərbaycan əsgərinin meyitinin qaytarılması tələbinə reaksiya

Məsələ ilə bağlı, Avropa Şurasının baş katibi T. Yagland da çağırış edib. Ancaq Ermənistan hakimiyyəti Azərbaycan əsgərinin meyitinin qaytarılmaması ilə bağlı bu müraciətə də, hələ ki, cavab verməyib.

Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan AzadlıqRadiosu-nun Ermənistan xidmətinə bildirib ki, onlar bu məsələni “vaxtı gələndə” şərh edəcəklər.