-
Zahid Sarıtorpaq
GƏL QÜRBƏTƏ
(Qəriblikdə qoyub gəldiyim dostlarıma bağışlayıram)
bir qanad yoxluğum var
ürək çatışmazlığı kimi bir şeydir
düşünürəm: heç vaxt adlaya bilməyəcəm uçurumları
bir istəyim var
iflic arabasında gəzdirirəm onu
düşünürəm: gedəndə kimə tapşıracam görəsən
qürbətdə həmişə payızdı
əlində qızılı dəryaz
gələr biçər, biçər keçər
ürəyi üzülənin ayaqları bir cüt çiçək saplağı kimi
gələr dəryaza
alaq otu kimi biçib qoyarlar yerə qəribi
qürbətdə həmişə qışdı
ərəbistanda yaşasan belə
sazaqdan içinin aynası çat-çat olar
belə aynada bir mələk də əyilib baxmaz öz surətinə
fiqurlu konki sürənlər kimi
içinin buzlaqları üstündə xırçhaxırçla dolaşar
ömrün boz günləri
«səninki qürbət deyil şərbətdi lap qayıt vətənə» deyən
sənə deyirəm: heç vaxt keçmədiyin bir yoldayam
leysanlar çırpır məni
sən nə bilirsən döyülmək nədi
heç vaxt sığınmadığın bir ağaca qısılmışam
yarpaqları arasında şeytanlar oynaşır
ülgüc tiyəsi üstündə ayaqyalın dayanmağa bərabərdir
gözlərini yumaraq günləri barmaq hesabına sadalamaq
heç vaxt sevmədiyim bir qadın kimidir
qürbətin bər-bəzəkli gecələri
asfaltlara tüpürər soyumuzu şəklimizi adımızı
qazandığımız çörəyin zəhərə dönmüş bərəkətini
sən nə bilirsən qərib bir bucağa qısıldığın gündən
can verməyə başlamağın nə qədər miskin bir şey olduğunu
qürbətlərdə sən deyən şərbətlərin
içildiyi qədəhlər bardaqlar
çilik-çilikdi çoxdan
onların qırıqları üstündə
ayaqyalın rəqs eləmək öyrədirlər qəriblərə
istəsən də istəməsən də qaldırmalısan qollarını çalınan havaya
amma dərd ondadır
qəfildən biləsən ki nə qol var nə qanad
qanadların yoxluğu
ürək çatışmazlığı kimi bir şeydir
təkcə dibsiz uçurumlara çatanda yox
həm də zor havasına oynadığın yerdə
qəfil tutar yaxandan
təkcə burda yox
bu sadaladıqlarım hər yerdə belədir
həm də qürbətdə
elə sən də vətənə qayıt zalım oğlu
gəl qürbətə
bəlkə sənə verdim iflic arabası
sürmək estafetini