Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:45

Ədəbi mühit deyilən yekəxanalar ordusuna inanmayın


Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq

- Azərbaycan yazıçıları gənc yazarlara məsləhət verirlər

Zahid Sarıtorpaq

Gənc yazıçılara məsləhətlər

1. Son dərəcə səmimi olmaq, həqiqətin önündə hətta alçalmaq dərəcəsinə qədər səmimi olmaq lazımdır.

2. Yazıçı üçün dünyadan arınıb-durulmaq vacibdi. Saflaşmaq, qələm- kağıza layiq olmaqdan ötrü içində özünə qarşı amansızcasına bir savaş başlamalısan. Yazıçı stixiyası bunsuz mükün deyil.

Bu, həm də istedadı qorumaq deməkdi. Bu savaşda ölümə qarşı dirigözlü getmək və yenilməkdən qorxmamaq əsas şərtlərdən biridi. Çünki bu, sənin öz savaşındı – qalib də özün olacaqsan, yenik də...

3. Zəhmət, zəhmət, yenə də zəhmət... “İzm”lərə uymamaq. Çünki “İzm”lərin qulağını çərtsəniz, qan yerinə çirk axdığını görəcəksiz...

4. Çalışıb dan üzü gün doğanacan yazmağa vərdiş etmək. Çünki gün doğanacan insan ruhunun daşıdıqlarının aydın cizgiləri, konturları qələmdən (təbii, bu, klaviatura da ola bilər) daha rahat keçir, nəinki başqa vaxtda cəhd edilənlərin.

5. Gündə heç olmasa bircə cümlə də olsa yazmaq və ən azı bircə səhifə də olsa mütaliə etməyə çalışmaq.

Bunu bizdən əvvəlkilər də məsləhət görüblər. Çox gözəl məsləhətdi. Son nəticə peşəkarlığın artmasına gətirib çıxarır.

6. Ədəbiyyata aid olmayan şeyləri daha çox oxumaq. Elmi, tarixi, fəlsəfi, publisistik, informativ materialları daim diqqətdə saxlamaq.

7. Məsləhət almaqdan çəkinməyin, təkcə gənclərin deyil, yaşlıların da buna həmişə ehtiyacı var və öyrənmək qəbr evinəcən hamıya vacibdi.

8. Adına ədəbi mühit deyilən yekəxanalar “ordusuna” inanmamaq, cəfəng müştəbehlərdən uzaq olmaq, öz içinin səsinə qulaq asmaq və yazdıqlarının alt yapısında dünyaya “zəlzələ ocaqları” bağışlaya biləcəyinə əmin olmaq...

9. Yazdığınız mətnləri bitirən kimi üzə çıxarmaqdan qaçın. Təcrübəmdən deyirəm, bu, səhv addımdı. Bunu yalnız əsərin bitkinliyinə əminlik duyduqda etmək lazımdır.

10. Çalışıb ədəbiyyatla məşğul olmayan insanlarla daha çox ünsiyyətdə olun, onlarla dostluq edin, uduzmazsınız... Mənasız ünsiyyətlərdən qaçmaq.

Adamayovuşmazlıqdan qorxmamaq, sadəcə tənhalığa qapılmaqla kifayətlənməmək, onu daha da dərinləşdirmək, dərinləşdirmək... və sevmək... əlbəttə, sevmək!.. Sevgisiz heç bir yaradıcılıqdan söhbət gedə bilməz...

XS
SM
MD
LG