Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:09

Sazın köynəyini kəfən yerinə geyindirirlər körpəyə


Zahid Sarıtorpaq
Zahid Sarıtorpaq

- "Bu tabutdan mənimçin çox məhrəm, çox doğma, amma çoxdan unutduğum bir iy – "Çiyələk" sabunu iyi gəlirdi burnuma."

"Öz səslərinin uçurumuna töküldü yarpaqlar – budaqların çılpaqlığı çıxdı üzə."

"Qəssabına sarı gedirsən. Ancaq nahaq, çox nahaq, qəssab olacaqsan sən də..."

Zahid Sarıtorpaq

İLAN TÜPÜRCƏYİ

(antiharmoniya)

İlk dəfə əlinə fırça alan balaca bir oğlan gizlinə çəkilib nəyə görəsə ancaq və ancaq Anasının Göz Yaşlarını çəkmək istəyir. Və fikirləşmədən fırçasını qara rəngə batırır...

İndi ərən yaşındadır. Oturub hərdən fikirləşir, o vaxt ömründə birinci və sonuncu dəfə əlinə aldığı fırçanı niyə məhz qara rəngə batırırdı?

İndi hər gün gəlib bu böyük şəklin önündə dayanır. Şəkil başdan ayağa müəmma, başdan ayağa sirr... Şəkildə hər yerdən görünən bir təpə təsviri. Təpənin üstündə hamının tanıdığı acıqlı bir kişi ömründə ilk dəfə gülməkdən qəşş edib ayıla bilmir.

Dörd bir yanında özünə bənzər acıqlı kişilər oturub. Yarısı Allaha yalvarır, yarısı dizlərinə döyür – gülə-gülə. Təpənin ayağında tanış bir bulaq. Bulağın başında heç kimin tanımadığı bir oğlan uşağı əlindəki paslı bıçaqla suyun üzünü doğrayır – ağlaya-ağlaya...

Gəlir, dayanır hər gün bu şəklin önündə. Rəng həmin rəngdir. Uşaq o uşağa çox oxşayır. Amma müəmma xirtdəyəcən, sirr Tanrıya qədər. Saqqalını qaşımaqdan üzünün bir tərəfinə dəmrov yarası düşüb. Ancaq baş aça bilmir. Bilmir ki, hər gün niyə gəlir bu böyük şəklin önünə. Niyə gəlir, nə istəyir?..

Səfərə-zada hazırlaşmır. Uzaqlara getmək fikri yoxdur. Bəlkə bir gələn var? "Gələn" haqqında fikirləşəndə ixtiyarsız göylərə – dünyanın qıfıl üzü görməmiş, ancaq əbədi bağlı olan yeganə qapısına sarı baxır. Baxır və tükləri biz-biz olur. Elə bil sümükləri arasından belədən-belə soyuq küləklər əsir...

* * *

- Həqiqətin bir üzü var - sənə görünsə də, görünməsə də. Bircə üzü var. Yalnız bircə. Allahsız oğlu, geri qayıt! Qəssabına sarı getmə! Ya başın kəsiləcək, ya sən də qəssab olacaqsan...

Bu nida hardan gəlirdi? Bu səs nə deyirdi? Yeddi yolun ayrıcında, bir daşın üstündə oturub başını ovcuna almış cavan yolçu bığlarını çeynəyə-çeynəyə, acıqlı-acıqlı söyüş söyürdü.

Yuxusuzluqdan qıpqırmızı qızarmış yorğun gözlərini ağır-ağır qovzayıb bir xeyli dibi görünməyən yuxarılara baxdı: "Belin qırılsın! Tifağın dağılsın!.." - dedi. Min ilin yorğunu kimi yolun qırağında yerə sərildi. Çox keçmədi ki, dəyirman daşı ağırlığında bir yuxu endi gözlərinə. O, bizim qaraçuxamız idi...

Başını ovcuna alıb uzun-uzadı üstündə oturduğu və fikrə getdiyi o daşın altından bir şahmar ilan çıxdı. Dərisindən də bəzəkli bir yuxunun içindən çıxmışdı o ilan.

Yuxusundan ağır taleyi olan o oğlana sarı sürünürdü. Başını qaldırıb şahanə bir duruş aldı. Bir qədər beləcə donub qaldı. Sonra da yatmış yolçunun üzünə qəzəblə tüpürdü... O nurlu üzün bir tərəfinin əti bir göz qırpımındaca çürüyüb eybəcər bir şəkil aldı.

Sonra o bəzəkli ilan yolçunun açıla qalmış ovcuna sarı əyilib bərkdən silkindi: ağzından böyük və parlaq bir ləl düşdü... İndi kim deyər, o cavan yolçu bir vaxt yuxusundan oyanıb ilan tüpürcəyinin eybəcər şəklə saldığı sifətinə ağlayacaqdı, yoxsa ovcundakı ləl parçasına sevinəcəkdi?

İndi kim deyər, o cavan yolçu o yeddi yoldan hansını tutub gedəcəkdi? Hansı birini tutub getməsinin fərqi olacaqdımı daha?..

...Həqiqətin bircə üzü var – yatmış olsun, oyaq olsun, ilan tüpürcəyinə tuş gəlmiş olsun, fərqi yoxdur, bircə üzü var. Ancaq "açıla qalmış ovcu yoxdur" söyləmə! Açıla qalmış ovcu da var, ovcunda ləli də! Altısından üz çevirib birini tutub gedəcəyi yolu da! O bizim qaraçuxamız idi.

* * *

...Tabutun üstünə al qırmızı ipək örtük vermişdilər. Meh tərpətdikcə saçaqlı ətəyi yol boyu üzümə toxunurdu. Bu tabutdan mənimçin çox məhrəm, çox doğma, amma çoxdan unutduğum bir iy – "Çiyələk" sabunu iyi gəlirdi burnuma.

Mən bu dəfnə təsadüfən gəlib çıxmışdım. Sağlığında heç mərhumun üzünü də görməmişdim. El adətiycə bir neçə dəfə çiynimi tabutun altına verdim (halal xoşu olsun!).

Hər dəfə də tabutdan gələn o məhrəm, o doğma iydən ürəyim əriyib suya dönür, hönkürməkdən özümü güclə saxlayırdım. Sonradan öyrəndim ki, meyidi "Çiyələk" sabunuyla yuyublarmış.

Sonralar bildim ki, "Çiyələk" sabununun iyi niyə mənə bu qədər doğma, bu qədər məhrəmmiş: sən demə körpəlikdə anam bizi həmişə "Çiyələk" sabunuyla yuyundurarmış... Sən demə uşaqlığımın qoxusuymuş "Çiyələk" sabunun iyi. Bir qərib tabutdan əsəcəkmiş üzümə...

Bəlkə bütün bunlarda da o cavan yolçunun yuxusuyla bağlı, o balaca oğlanın fikirləşmədən fırçasını qara rəngə batırdığı anla bağlı bir şey var...

* * *

Bahar köçdü qibləsinə - üzə çıxdı dağların çılpaqlığı. Öz səslərinin uçurumuna töküldü yarpaqlar – budaqların çılpaqlığı çıxdı üzə. Kimik, hər nəyik – bu dünyada hərəmiz bir həqiqətə pərdəyik. Bizdən sonra çıxacaq üzə taleyimizin dürlü sirləri.

Təkcə o cavan, o gözəl yolçunun sifətinin ilan tüpürcəyindən eybəcər şəklə düşdüyü, əlinin dünya malına çatdığı gündən sonra başına nələr gəldiyindən heç vaxt baş aça bilməyəcəyik...

* * *

İman gətirməli şeylər çoxdur dünyada. Bizim günlərin söhbətidir. Bir qarı dünyadan köçünü sürüb gedəndə həndəvərinə yığışanlara deyir, gətirin əl-ayağıma xına qoyun. Bəs uşaqların atası davaya gedəndə əl-ayğı xınalı cavan bir gəlin idim.

Mən onun yaddaşında yəqin heylə də qalmışam. İşdi, birdən kişi oralarda rastıma çıxsa məni tanımaz. Gətirin, gətirin xınalayın əl-ayağımı... O qarının son sözləri o cavan yolçunun daş yuxusunun qapısını döyə bilməzdi...

İman gətirməli şeylər çoxdur dünyada. ...Tavanda çıraq oynayır. Balaca otağımızın tavanında balalarımızın hay-küyündən hər gün çırağımız oynayır... Xoşbəxtdir!

Hələ yer üzündə qaldırdığımız heç bir hay-küydən göy üzündə bir ulduz da oynamayıb. Ulduzların xoşbəxtliyi ancaq sevgiyə tutulmuşların islaq kirprikləri uzunu kəndirbazlıq etmələridir. Hələ bir ulduzun belə xoşbəxtliyi bizim əlimizdə deyil...

* * *

Goy damanda ulduz gedir. Yer damanda insan gedir. Könül damanda hamısı, göy də, yer də, insan da gedir. Könül dammasın, Allah... Amma damırmış... Ömründə ilk dəfə gizlinə çəkilib Anasının Göz Yaşlarını çəkmək istəyən balaca bir oğlanın fırçası ucundan daman rəng kimi damırmış.

* * *

Yolçu səsə oyanmışdı. Hələ sifətinin idbar günə düşdüyündən, ovcundakı ləldən, elə bil, xəbəri yoxuydy. Kimsə bar-bar bağırırdı:

- Qoymayın yeyir məni! Qoymayın yeyir məni əclaf!

Başını qaldırıb səsə sarı boylandı. Bir nəfər iri gövdəli, yarıçılpaq, boynunun, boğazının damarları şişmiş tüklü adam idi. Düz ona sarı yüyürürdü. Ancaq o, yeddi yolun heç biriylə deyil, daşların, kolların arasıyla yüyürürdü.

Cavan yolçu dikəlib key-key bu əcaib adama baxırdı. Bu əcaib adamın arxasıyca bir dəstə qolu zorlu fərraşın yüyürdüyünü görəndə, çökdü bayaqkı daşın üstünə.

- Yeyir məni əclaf, qoymayın!

O adam yıxıldı. Balaca, qurumuş bir nar ağacının altında yıxıldı. Və çabalaya-çabalaya damarları şişmiş boyun-boğazını dırnaqlarıyla cırmağa, tüklü sinəsini qarnını didib-tökməyə başladı.

Aralıdan hər şey yaxşı görünürdü. Fərraşlar onu – o əcaib adamı dövrəyə alıb dayanmışdılar. Onların arasında orta yaşlı, saç-saqqalı tamam ağarmış, əynində fərraş paltarı olmayan bir kişi də vardı.

Onun göstərişiylə yıxılanın ayaqlarından yapışıb göyə qaldırmışdılar və başıaşağı silkələyirdilər. Saç-saqqalı tamam ağarmış həmin kişi o iri gövdəli əcaib adamın qarnından və belindən tutub var gücü ilə sıxırdı.

Hər sıxanda da o əcaib adamın başıaşağı dayanmaqdan böyümüş gözlərinin soyulmuş soğan kimi acı-acı ağaran ağına qapqara qan yığılır, ağzından, burnundan gömgöy su tökülürdü.

- Silkələyin, silkələyin...

Bunu saç-saqqalı tamam ağarmış o kişi deyirdi. Səsinin yumşaqlığından təbibə oxşayırdı.

- Silkələyin, silkələyin...

Əcaib adam qəribə bir səslə, hər halda öküz səsinə oxşar bir səslə böyürdü. O yumşaq səsli, saç-saqqalı tamam ağarmış kişi dizləri üstə çökdü, əlinin dörd barmağını əcaib adamın ağzına dürtdü və boğazının yolundan nəsə dartıb çıxartdı.

- Budur, bax, budur kafir! Gör nə boydadır... – Yaşıl bir kərtənkələ idi, təbibə oxşayan kişinin barmaqları arasında çapalayırdı. – İlana ağu verən kərtənkələ!..

Tulladı. Düz yolçuya sarı. Kərtənkələ düz onun ayaqları altına düşdü. O dəqiqə də sivişib altında şahmar ilanın yatdığı, üstündə özündən xəbərsiz o cavan yolçunun oturduğu daşın altına girdi.

Deyəsən, elə o an gördülər ki, həmin daşın üstündə kimsə oturub. Əcaib adamı rahat buraxmışdılar. Çiyninə bəzəkli bir əba atmışdılar. Görkəmindən abırlı bir adam olduğu, ixtiyar sahibi olduğu bilinirdi.

O, dizləri üstə, o birilər isə ayaq üstə donub qalmışdılar. Hamısı cavan yolçuya baxırdı. Yaşıl kərtənkələnin hara qaçdığını, hara girdiyini, ümumiyyətlə, bayaqdan bəri nə baş vermişdisə sanki hamısını unutmuşdular.

- Bu bədbəxtin sifəti nə gündədir, İlahi...

Bunu hələ ağlı başına gəlməmiş o əcaib adam pıçıldayırdı – ağzından, burnundan hələ də gömgöy çirkab süzülən o adam.

- Ay zavallı, sənin dərmanın yoxdur. Qəssabına sarı gedirsən. Ancaq nahaq, çox nahaq, qəssab olacaqsan sən də... Qarnı yırtılsın səni doğan arvadın...

Bunları dodaqları altında o yumşaq səsli, saç-saqqalı tamam ağarmış təbibə oxşayan kişi deyirdi.

- Allah, sən saxla! Bunu da gördük...

Bunları isə beş-on addımlığında heykəl kimi donub qalmış qəribə adamlara bax-baxa hələ də deyəsən özündən xəbəri olmayan o cavan yolçu pıçıldayırdı.

O, bizim qaraçuxamız idi...

* * *

Mən dünyaya gəlməmişdən on beş il qabaq, davanın ağır çağlarında qonşuluğumuzda böyük bir külfətin sonbeşik körpəsi can üstəymiş. O körpə ki, bülbül balası kimi bir neçə dəfə ağzını açıb-yumandan sonra öləcəkmiş, davada olan atası heç onun üzünü də görməyibmiş.

Körpə ölür. Nənəsi oxşaya-oxşaya sonbeşik qızın meyidini yuyur. Körpəni kəfənləməyə evdə münasib bir şey tapılmr. Bu kasıb daxmada nəyə əl atırlarsa köhnə olur, yamaqlı olur.

Evin dünya görmüş qocası – körpənin babası divardan sazı götürüb köynəyini çıxardır. Körpə o qədər sısqa, o qədər cılız olur ki, sazın köynəyini kəfən yerinə geyindirirlər ona. Balaca bülbülü sazın köynəyində tapşırırlar torpağa...

* * *

...Bülbül öləndə sazın köynəyində basdırın ...

* * *

...Qəbiristanlıqlar hər yerdə yamaqlı bir yetim köynəyinə oxşayır...

* * *

...Gedirdi. Yeddi yolun heç biriylə deyil, o qəribə adamların sevinə-sevinə, biri-biriylə lağ eləyə-eləyə qayıtdıqları daşlı, kollu yamacla üzüaşağı enirdi. Hər şey yadından çıxmışdı. Hara getdiyindən niyə getdiyindən xəbəri yoxuydu.

Töyşüyə-töyşüyə ürəyi ağzından çıxa-çıxa yorturdu. Hərdən əyilərək heyran-heyran ovcundakına baxırdı...

* * *

Dünyada o daşın altındakı şahmar ilandan xoşbəxt canlı yoxuydu – o daşın altında yaşıl kərtənkələylə dodaq-dodağa verib özünü unutmuş o şahmar ilandan...

1988

XS
SM
MD
LG