Bəyənmədiyiniz hədiyyələri nə etmək olar? İnnovasiya

-

Almaniyanın "Bastei Lübbe" nəşriyyatı və "Hugendubel" kitab dükanları şəbəkəsi arzuolunnmaz bayram hədiyyələrindən qurtulmaq üçün bir üsul fikirləşib tapıblar.

Həmin hədiyyəni şəkildə gördüyünüz qurğuya salırsınız, düyməni basırsınız, hədiyyə gedir, əvəzinə kitab çıxır. Beləcə, xoşlamadığınız hədiyyəni kitaba dəyişmiş olursunuz.

28 dekabrda bu qurğu Münxen şəhərində bir ticarət mərkəzində yerləşən "Hugendubel" kitab dükanının qarşısında qurulacaq. Ondan sonra İnqolştat (29 dekabr) və Nürmberq (30 dekabr) şəhərlərində kitab dükanının qarşısında xidmət göstərəcək.

Bəs əvəz kitablar necə kitablar olacaq? "Bastei Lübbe" nəşriyyatı tanınmış almandilli müəlliflərin yeddi bestsellər kitabını bu qurğuya daxil edib. Yeddi kitabdan istədiyin, seçdiyin biri çıxır hədiyyənin əvəzində.

Arzuedilməz hədiyyələrin sonrakı taleyinə gəlincə, nəşriyyatın bildirdiyinə görə, onlar yerli xeyriyyə təşkilatlarına təqdim edilir.