Yazıçıdan etiraf: "Din naziri viski içirdi, mən araq"

Vaqif Nəsib

-

"Oğlumun toyu vaxtı bərk xəstələnmişdim. Dedim ay Allah, sən mənə bir az möhlət ver, qoy bu toyu yaxşı yola verim.

Toydan sonra dedim ay Allah, Koroğlu deyiləm, Babək deyiləm ki, ölümdən qorxmayım. Qorxuram, qoy yaşayım.."

Milli.az-ın "Mənim etiqadım" rubrikasının qonağı 60-cı illər ədəbi nəslinin parlaq imzalarından olan yazıçıVaqif Nəsibdir.

"Elə bilirdim, Tapdıq müəllim Allahdır"

Qocaman yazıçı uşaqlığında Allahı məktəbdə ona dərs deyən Tapdıq müəllim kimi təsəvvür edirmiş: "Uşaq vaxtı bir Tapdıq müəllimimiz vardı. O, mənə bir yaxşılıq eləmişdi. Allahı gözümdə Tapdıq müəllim kimi canlandırırdım. İndi də yaxşılıq edən adamları Allah adamı hesab edirəm.

İnsan uşaqlığında qayğısız günlər keçirir və günlərin bir günü ayılır ki, ölüm adlı bir şey var... Bax onda başlayırsan, ümid yeri kimi Allahı axtarmağa.

Biz Sovet dövründə doğulub böyümüşük. Ateizm dərsi hamımızı allahsız kimi yetişdirirdi, ancaq yenə də hər insanın daxilində gizli bir inam var idi...

Marks deyir ki, insanda Allah sevgisi qorxudan yaranır. Doğrudan da, hər insanın matəm günü öləcəyini hiss etdiyi gündür".

Yazıçı deyir ki, insan dünyaya niyə gəldiyini dərk eləyə bilməz. Dərk eləməyə çalışanların çoxu ömrünü dəlixanada başa vurur".

Vaqif Nəsib hər şeyi idarə edən qüvvənin mövcudluğuna inanır: "O qüvvəylə münasibət qurmaq insanın gücü çatan şey deyil. Buna heç dinin də gücü çatmaz. Hər bir insanın dini, etiqadı olmalıdır. Mənim də yaradıcı qüvvəyə böyük inamım var".

Sovet hökuməti Freydi qəbul etməyib. Sosializmin birinci düşməni Freyd idi. Çünki Freyd deyirdi ki, insan orqanizmində reflekslə, kortəbii hisslərlə şüurun mübarizəsi gedir. Şüur qalib gələndə insan nəğmə yazır, hekayə yazır, xeyirxah işlər görür. Refleks qalib gələndə adam öldürür, şərə qulluq edir. Müasir insan cinsində refleksin faizi şüurdan yuxarıdır.

Bir vaxtlar yapon genetikləri yeni insan cinsi yaratmaq istəyirdilər. Ancaq böyük qüvvə ona da icazə vermədi. Yaradan o sirrin açılmağına imkan verməyib. Eynilə dəfələrlə Yer kürəsinin kütləvi şəkildə məhvinin qarşısı alınıb. Bütün bunları idarə edən bir qüvvə var.

"İçkiylə iftar aça bilərsiniz"

Məhəmməd peyğəmbəri də qəbul edirəm. Mən bir müddət Tükiyədə yaşamışam. Orada bir din naziri var idi, Mehmet Nuri Yılmaz. Fəlsəfə və ilahiyyat professoru idi. Ziyalı adamıydı, mən onu tanımaqla Məhəmməd peyğəmbərin çox ağıllı kəlamlarıyla tanış olmuşdum. Məhəmməd peyğəmbər deyir ki, mənim düşmənlərim mənim bilmədiklərimdir. Gör necə ağıllı adam olub. Deyir, qapında işlətdiyin adamın haqqını təri qurumamış ver. Bundan gözəl söz ola bilərmi?! Dini ədəbiyyatın çoxu ondan qidalanır.

Türkiyədə olanda Yılmazla hər gün görüşürdük, o, viski içirdi, mən araq. Bir dəfə konfransda dedi ki, mən icazə verirəm, iftarı içkiylə açmaq olar. Ondan sonra dalından dəydilər.

Əslində, əvvəllər içki qadağan edilməyib. Görünür, Ərəbistan isti yer olub, içki kütləvi şəkildə camaata ziyan vururmuş deyə qadağan ediblər".

Vaqif Nəsib özünü Allahın sevimli bəndələrindən sayır: "Bəzən deyirlər ki, yazıçılar Allahın sevimli bəndəsidir. Mən əsər yazıramsa, xalqıma xidmət edirəmsə, bu da bir ibadətdir. Bu baxımdan yazıçıları Allah adamı saymaq olar. Mənim üçün "Səfillər", "Don Kixot", "Məsnəvi", "Xəmsə" ən böyük namazdır.

Bütün varlığımla, ürəyimlə böyük Yaradanı hiss edirəm. Dünyanın, bəşəriyyətin mənəvi qanunlarına əməl edənlər mənim gözümdə əsl ruhanilərdir. Yəni dindar olmadan da Allahı sevmək, Ona qovuşmaq mümkündür".

Ölüm qorxusu

Vaqif Nəsibin Allah sevgisi kimi Allah qorxusu, ölüm qorxusu da var: "Hələ özümü yaşlı, ölümə yaxın hiss etmirəm. Amma nə gizlədim, ölüm qorxum var. Bu qorxu paltar deyil ki, əynindən çıxarıb atasan. Bu qorxu adamın canında-qanında, fitrətindədir.

Məscidə gedib-gələn deyiləm. Amma bir dəfə Əlcəzairə səfər etmişdik. Onda bizi məscidə aparmışdılar. Oradan çıxanda cibimdə nə qədər dinar vardısa, qapıdakı dilənçiyə verdim. Qayıdanda qəzaya düşdük. Maşın yoldan çıxdı, az qaldıq dərədən aşaq. Fikirləşdim ki, məni o nəzir qurtardı.

Oğlumun toyu vaxtı bərk xəstələnmişdim. Dedim ay Allah, sən mənə bir az möhlət ver, qoy bu toyu yaxşı yola verim. Toydan sonra dedim ay Allah, Koroğlu deyiləm, Babək deyiləm ki, ölümdən qorxmayım. Qorxuram, qoy yaşayım..."