Fərda Qədirova kömək edən 4 şəxs həbsdədir

Bu ilin aprelin 30-da Dövlət Neft Akademiyasında Gürcüstan vətəndaşı Fərda Qədirov kütləvi qətllər törədib

Azərbaycan Dövlət Neft Akademiyasında baş verən kütləvi qətllə bağlı bu günə kimi 1600-dən artıq şahid dindirilib, 60-dan artıq ekspertiza keçirilib.

Bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov bildirib. O, jurnalistlərə açıqlamasında deyib ki, cinayət işi ilə bağlı istintaq tədbirləri davam etdirilir:

«Bu barədə ictimaiyyətə mütəmadi məlumatlar verilib. Hadisəni törədən Fərda Qədirova köməkçi olan, ona Azərbaycana qeyri-qanuni yolla silah keçirməsində kömək edən, cinayət barədə hüquq-mühafizə orqanlarına məlumat verməyən 4 şəxs - Nadir Əliyev, Ariz Qabulov, Nəcəf Süleymanov, Cavidan Əmirov həbsdədirlər».

Z. Qaralovun sözlərinə görə, cinayət içi ilə bağlı yaradılan istintaq-əməliyyat qrupu həm Gürcüstanda, həm Rusiyada, həm də Ukraynada istintaq hərəkətləri aparır:

«Hesab edirik ki, ilin sonuna kimi istintaq əməliyyat qrupu çalışacaq ki, cinayət işinin tam, hərtərəfli, obyektiv araşdırılaraq yekunlaşmasını təmin etsin, bu cinayət işində əli olan hər bir kəs məsuliyyətə cəlb olunsun». (APA)

Bu ilin aprelin 30-da Dövlət Neft Akademiyasında Gürcüstan vətəndaşı Fərda Qədirov kütləvi qətllər törədib. Nəticə də özü də daxil 13 nəfər həlak olub.