Keçid linkləri

2024, 10 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:17

Fərda Qədirovun istintaqında cavabsız suallar…


«Fərda deyirmiş ki, varlanacağı təqdirdə qohumlarına baxmayacaq. Tüfeyli həyat sürən şəxs birdən-birə necə varlanmalıydı?»
«Fərda deyirmiş ki, varlanacağı təqdirdə qohumlarına baxmayacaq. Tüfeyli həyat sürən şəxs birdən-birə necə varlanmalıydı?»
Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin Neft Akademiyasında baş verən qətliamla bağlı birgə bəyanatında hələ də bir sıra vacib suallara cavab verilmir. Sayca dördüncü bəyanatında az qala Fərda Qədirovun bütün həyatından bəhs edilir. Bəyanatda qeyd edilir ki, o, ötən il Rusiya Federasiyasının Podolsk şəhərində milliyətcə erməni şəxslərin rəhbərlik etdiyi müəssisədə çalışıb. O qətliam zamanı istifadə etdiyi silahı isə Marneuli-Bakı avtobusunun sürücüsünün köməkçisi Ariz Qabulovun yardımı ilə Azərbaycana keçirib. Üstəlik, istintaq müəyyən edib ki, Fərda Qədirov Neft Akademiyasında qətliamı törətməzdən əvvəl Bakının əxlaqsızlıq yuvasına çevrilən barlarında yüngül həyat keçirib. İstintaq onun sifilis xəstəliyinə tutulduğunu da iddia edir.

«Femida-009» qəzetinin baş redaktoru Əyyub Kərimov isə deyir ki, Fərda Qədirovun istər sifilis xəstəliyinə yoluxması, istərsə də onun həyat tarixçəsi qətliamın motivindən diqqəti yayındırır. Onun fikrincə, heç Fərda Qədirovun vaxtı ilə ermənilərin rəhbərlik etdiyi bir müəssisədə çalışması da cinayətin motivinə aydınlıq gətirmir. Çünki ermənilərlə münasibəti olan bircə Fərda Qədirov deyil.

NİYƏ MƏHZ NEFT AKADEMİYASINDA?

Əyyub Kərimov deyir ki, istintaq əsasən bir məsələyə aydınlıq gətirməlidir. Bu cinayətin motivi nə olub və nədən Neft Akademiyası hədəf seçilib? Ə.Kərimov deyir ki, əgər Fərda Qədirov xüsusi sifariş həyata keçirmirdisə, elə qurbanlarını Bakının əxlaqsızlıq yuvasına çevrilən barlarından da seçə bilərdi:

- Bəyanatda belə bir cümlə var. Fərda deyirmiş ki, varlanacağı təqdirdə qohumlarına baxmayacaq. Tüfeyli həyat sürən şəxs birdən-birə necə varlanmalıydı? Bəlkə o tapşırıq əsasında ciddi pul alacaqdı və ya artıq onu alıb?

Ə.Kərimov deyir ki, heç yerdə işləməyən şəxsin günlərlə barlarda həyat sürməsinə böyük vəsait lazımdır. İstintaq müəyyən etməlidir ki, o bu pulları hardan almışdı.

SİLAHIN KEÇİRİLMƏSİNƏ KİMLƏR KÖMƏK EDİB?

Əyyub Kərimov silahın Azərbaycana keçirilməsində yalnız sürücü köməkçisinin məsuliyyətə alınmasını isə istintaqın bəzi məsələlərin üzərindən keçməsi ilə izah edir. Onun fikrincə, sərhəd qoşunları ilə gömrüyün məsuliyyətdən kənarda qalması başadüşülən deyil. Əyyub Kərimova görə, bütün bu cavabsız suallar istintaqın hüquqla yox siyasi amillərlə aparıldığının göstəricisidir:

- Məsələnin içindən siyasi qoxu gəlir. Bu siyasi qoxu xaricdən də gələ bilər, daxildən də. Və ya hər ikisinin qatışığı da ola bilər…

CİNAYƏTİN ARXASINDA SİYASİ GÜC DAYANANDA…

Milli Təhlükəsizlik nazirinin keçmiş müavini Sülhəddin Əkbər isə deyir ki, ya istintaq cinayətin motivini bilmir ya da onu açıqlamağa ehtiyat edir:

- Cinayət iki halda qapalı qala bilər. Birincisi, buna pozitiv yanaşsaq peşəkarlıq çatışmayanda, ikincisi isə siyasi qərar olmayanda.

Respublika Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə deyir ki, istintaq getdikcə cavabsız suallara da aydınlıq gətirəcək:

- Silahın Azərbaycana keçirilməsində başqa şəxslərin iştirak edib-etmədiyini istintaq araşdırır. Fikir vermisinizsə o bəyanatda da qeyd edilir ki, istintaq aydınlaşdırmağa çalışır ki, nədən bu hadisə Neft Akademiyasında törədildi. İstintaq bu məsələlərə aydınlıq gətirəcək.

Əslində, heç general Rail Rzayevin istintaqında da qətlin motivi aydınlaşdırılmayıb. Həmin qətldən isə dörd aydan da çox bir vaxt keçir. Azərbaycan cəmiyyəti isə üstü açılmayan qətllərə öyrəşməyə başlayıb.
XS
SM
MD
LG