“Zaqatalada işləməyən hava limanının yenidən qurulması təəccüblüdür. Çünki, hələ bu hava limanından heç bir aviareys həyata keçirilməyib”.
İqtisadçı Natiq Cəfərli Zaqatalada hava limanının yenidən qurulub istifadəyə verilməsini dəyərləndirərkən belə deyib.
N.Cəfərli qeyd edib ki, ümumiyyətlə, bir bölgədə iki hava limanının olması məqsədəuyğun deyil.
“Bu bölgədə Qəbələdə hava limanı var. Oradan bir saat yarıma avtomobillə Zaqatalaya gedə bilərsiniz. Məhz buna görə Zaqatala hava limanı iqtisadi cəhətdən əlverişli deyil. Əgər Qəbələ bu bölgədə turizm mərkəzi kimi seçilibsə, işə yaramayan hava limanına maliyyə qoymaq deyil, onun inkişafı daha səmərəli olardı”, - iqtisadçı bildirib.
Buna da bax: Regionlara 60 milyard manat yatırılıb, amma...
N.Cəfərli vurğulayıb ki, indiyə qədər ümumiyyətlə Zaqatala hava limanından hansısa aviareysin həyata keçirilməsi barədə məlumat yoxdur. Onun fikrincə, yenidənqurmadan ötrü çoxlu pul ayrılması uçuş infrastrukturunun inkişafı arzusundan çox şübhəli məqamlara oxşayır.
Buna da bax: 'Gürcüstan qazanır, Azərbaycan isə şansları itirir' [video]
“Gürcüstanda da regional hava limanları inkişaf edir. Amma bir ardıcıllıq var. Məsələn, Kutaisi şəhərindəki hava limanının yenidən qurulmasından sonra loukosterlərin çoxu buraya köçürüldü. Bundan əlavə, orda tez-tez endirim aksiyaları təşkil edilir və ucuz qiymətlərlə dünyanın bir çox ölkələrinə uçmaq olur. Bizdə belə şeylər yoxdur və regional hava limanları fəaliyyətsizdir”, - o, bildirib.
İqtisadçı hesab edir ki, Zaqatala hava limanı ölkə büdcəsinə heç bir mənfəət gətirmir və dövlətin pulları boş yerə aeroportun saxlanmasına, işçilərin əmək haqqına xərclənir.
Buna da bax: Asiya Bankının pulu ilə 4 körpü tikilib
Bu açıqlamaya, hələlik, "Azərbaycan Hava Yolları" - AZAL Açıq Səhmdar Cəmiyyətindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
AZAL Zaqatala hava limanının yenidənqurma işlərindən sonra istismara verildiyini açıqlayıb. Yenidənqurma zərurəti 2012-ci ildəki zəlzələ ilə izah edilib.
Zaqatala hava limanı ilk dəfə 2008-ci ildə yenidən qurulub. AZAL xərclərin məbləği barədə məlumat vermir.
Zaqatala Beynəlxalq hava limanının yenidən qurulmasının prezident İlham Əliyevin bu rayona səfəri zamanı verdiyi tapşırığa uyğun olaraq həyata keçirildiyi bildirilir.
Azərbaycanda hazırda 6 hava limanının olduğu deyilir.