Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:02

Regionlara 60 milyard manat yatırılıb, amma... – Media icmalı


Cəmil Həsənli
Cəmil Həsənli

Regionların inkişafına dair dövlət proqramlarının icrası zamanı xərclənən pullar, «The Guardian» qəzetində Azərbaycanla bağlı araşdırmaya hakimiyyət və müxalifət düşərgələrində verilən qiymətlər bu gün (7 sentyabr 2017-ci il) medianın aparıcı mövzularındandır...

GEORGE SOROS NEYNƏSİN?

Azadliq.info saytında «İlham Əliyevin xəbəri olmadan heç kəs belə bazar aça bilməzdi» sərlövhəli yazı dərc edilib.

Yazıda «The Guardian» qəzetində Azərbaycanla bağlı araşdırmaya aid Milli Şura sədri Cəmil Həsənlinin düşüncələrinə yer verilir.

C.Həsənli vurğulayıb ki, araşdırmaya görə, Azərbaycandan 3 ildə yalnız bir maliyyə axını üzrə 3 milyard dollar pul çıxarılıb:

«Prezidentin köməkçisi Əli Həsənov və mətbuat xidməti millətə Məlikməmməd nağılı danışır. Guya bunu erməni lobbisi təşkil edib və bu yazının arxasında «dələduz, saxtakar, fırıldaqçı, yalançı imicini qazanan George Soros və onun əlaltıları dayanır». Bir o qalıb ki, desinlər, bəs «The Guardian» da erməni qəzetidir».

C.Həsənli hesab edir ki, bu məsələnin Ermənistana və erməni lobbisinə heç bir aidiyyəti yoxdur:

«Əgər hakim elita öz xalqından, öz ölkəsindən, öz millətindən oğurluq edirsə, buna erməni neynəsin, George Soros neynəsin?».

C.Həsənli yazır ki, bu 3 milyard ölkədən oğurlanan pulun yalnız bir hissəsidir:

«Mən hələ 2013-cü ilin seçki debatlarında demişdim ki, bu şəbəkənin başında İlham Əliyev və onun ailə üzvləri dayanır. Əgər belə deyilsə, buyursun, millətə ağlabatan izahat versin ki, 3 milyard dollar necə gizli yollarla xaricə ötürülüb? Ölkənin hüquq, təhlükəsizlik, iqtisadi, vergi və maliyyə orqanlarının bundan necə xəbəri olmayıb?».

Siyavuş Novruzov
Siyavuş Novruzov

DEPUTAT: «BÜTÜN SƏYLƏRİ ƏBƏSDİR...»

APA İnformasiya Agentliyində isə «The Guardian» qəzetində dərc edilmiş araşdırma ilə bağlı deputat Siyavuş Novruzovun mövqeyinə yer verilib.

S.Novruzov deyib ki, Azərbaycan iqtidarının müstəqil daxili və xarici siyasətini bəzi xarici dairələrin gözü götürmür.

Deputatın fikrincə, əvvəllər də Azərbaycana qarşı ara-sıra edilən qarayaxma kampaniyasının əsasında Azərbaycan dövlətinin heç bir xarici gücə boyun əyməməsi durur:

«Məsələn, OCCRP-nin yaydığı həmin materialın əsas müəlliflərindən biri milliyyətcə ermənidir. Əgər OSSRP həqiqətən də korrupsiya faktlarını araşdıran bir şəbəkədirsə, nəyə görə erməni lobbisinin satın aldığı siyasətçilər, ekspertlər barədə heç nə yazmır?».

S.Novruzov deyib ki, bu yazıların heç bir təsiri yoxdur:

«Bütün səyləri əbəsdir. Azərbaycan o ölkələrdən deyil ki, feyk informasiyalarla onu çaşdırmaq, boyun əyməyə məcbur etmək mümkün olsun. Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial, düşünülmüş, qətiyyətli siyasətin əsasını Azərbaycan xalqının milli maraqları təşkil edir. Heç bir avantüra, qarayaxma kampaniyası, təzyiq cəhdi Azərbaycanı öz yolundan döndərmək iqtidarında deyil».

İşsizlik. Karikatura
İşsizlik. Karikatura

REGİONLARDA ƏMƏK HAQLARI AŞAĞIDIR

«Novoye Vremya» qəzetində «Azərbaycanın regionlarında yetərli əmək haqları nə zaman olacaq?» sualına cavab axtarılır.

Müəllif yazır ki, regionlarla Bakının inkişaf səviyyəsi arasında kəskin fərqlər var:

«Bunlar özünü müxtəlif sahələrdə göstərir. Bunun daha bir təsdiqi Bakıda əmək haqları ilə bağlı statistikadır. Rəsmi statistikaya görə, paytaxtda orta aylıq əməkhaqqı daha yüksəkdir».

Müəllif bildirir ki, ölkə üzrə orta aylıq əməkhaqqının 522 manat təşkil etdiyi açıqlanıb. Bakıda isə bunun kəskin şəkildə yüksək olduğu bildirilir:

«Regionlarda aşağı əmək haqlarının nəticəsi kimi, onlar bir çox göstəricilər üzrə paytaxtdan geri qalırlar. Məsələn, banklara əmanət qoyulması, kreditlər alınması və s. Azərbaycan İpoteka Fondunun bütün ipoteka kreditlərinin 75.8 faizi Bakının payına düşür. Bu il iyulun 1-nə kimi Bakıda verilən kreditlər ölkə üzrə verilmiş bütün kreditlərin 84.2 faizini təşkil edib. Region əhalisinin ölkə banklarında əmanətləri cəmi 6 faizə bərabərdir».

Yazıda vurğulanır ki, bütünlükdə regionlarda yaşayan əhalinin gəlirləri və xüsusilə maaşları olduqca aşağı səviyyədədir. Elə buna görə də qazanmaq imkanı olmadıqda, nə gözəl təbiət, nə təmiz hava, nə də doğma divarlar kənd və qəsəbə sakinlərini saxlaya bilir.

Müəllif hesab edir ki, elə buna görə də paytaxta axın davam edir. Yazıda vurğulanır ki, regionların inkişafı ilə bağlı iki dövlət proqramının yerinə yetirildiyi açıqlanıb. Bir dövlət proqramı isə yekunlaşmaq üzrədir. Rəsmlərin iddialarına görə, bu illər ərzində regionlara 60 milyard manat vəsait qoyulub:

«Ən əsası işin olmasıdır. Müasir səviyyədə iş yerləri yaradılmalıdır, ardınca istehsal və regionların ümumi daxili məhsulda (ÜDM) payı artacaq. Vergi gəlirləri çoxalacaqsa, region və şəhərlər haqqında çox danışılan özünümaliyyələşdirməyə keçmək mümkün olacaq».

XS
SM
MD
LG