Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:24

Zamanla bağlı səhvimiz


Saat
Saat

Çoxumuzun təsəvvüründə zaman məfhumu düzxətli, keçmişdən gələcəyə doğru hərəkət edən və daim bitən bir şeydir. Bu gün dünənə, sabahsa bugünə çevrilir. Üstəlik, yaşlaşdıqca, zamanın daha tez gəlib keçdiyini hiss edirik.

BBC yazır ki, insanın zaman anlayışı yalnız bioloji olmaya, içində yaşadığımız zaman və mədəniyyətlə də bağlı ola bilər. Məsələn, Amazoniyada yaşayan Amondava tayfasının dilində heç vaxtı bildirən söz yoxdur. Bəzi mütəxəssislər hesab edirlər ki, bu tayfa, ümumiyyətlə, baş verən hadisələri zaman çərçivəsində görmür. Bunun yalnız linqvistik arqument olması, yaxud bu tayfanın vaxtı fərqli qavraması ətrafında fikir ayrılığı mövcuddur.

Axar çay

Aristotel indini daim dəyişən bir şey kimi görürdü. Təqribən 160-cı ildə eyni zamanda Roma imperatoru olan filosof Mark Avreli vaxtı gəlib keçən hadisələrdən ibarət axar çaya bənzədirdi. Qərb dünyasında bu gün də vaxt haqqında təsəvvürlər bu ideyalara yaxındır.

Ancaq fizika başqa şey deyir. Ötən əsrdə Albert Eynşteynin kəşfləri zaman haqqında təsəvvürlərimizi yerlə-yeksan etdi. Eynşteyn göstərdi ki, zaman cisimlər tərəfindən yaradılır; zaman əvvəldən mövcud olaraq bu cisimlərin onun içində fəaliyyət göstərməsini gözləmir. O göstərdi ki, zaman nisbidir və cisim sürətlə hərəkət edərsə, zaman daha yavaş hərəkət edər. Onun nəzəriyyəsinə görə, hadisələr xüsusi ardıcıllıqla baş vermir. Nyuton fizikasından bildiyimiz vahid, universal «indi» mövcud deyil.

«Kainatda bəzi hadisələr ardıcıllıqla düzülə bilər. Ancaq zaman heç də həmişə keçmiş, indi və gələcəyə bölünmür. Bəzi fizika tənlikləri hər iki istiqamətdə işləyir. Bəzi nəzəriyyəçi fiziklərsə (məsələn, kitabları çox satılan fizik Karlo Rovelli) bir qədər də uzağa gedib iddia edirlər ki, zaman nəinki axmır, o, heç mövcud da deyil. Zaman, sadəcə, illüziyadır», – məqalədə deyilir.

Zaman mövcud olsa da, olmasa da, bizim zaman hissimiz mövcuddur. Məhz bu səbəbdən də fiziklərin yuxarıda sadalanan iddiaları bizə qəribə gəlir. Hamımızın paylaşdığımız «keçmiş» və «gələcək» konsepsiyaları Kainatın digər yerlərində keçərli olmaya bilər, ancaq bizim Yerdəki həyatımızda tamamilə keçərlidir.

Bizim zaman haqqında təsəvvürlərimiz eynilə Nyutonun mütləq zaman ideyası kimi yanıldıcı ola bilər.

Biz keçmişimizə bir növ keçmişdə baş vermiş hadisələrin nəhəng videoarxivi kimi baxırıq. Ancaq psixoloqlar sübut ediblər ki, əslində, avtobioqrafik yaddaş belə işləmir. Çoxumuz xatırladığımızdan çox şeyi unuduruq. Bəzi hadisələri isə yerli-dibli unuduruq.

Biz hər dəfə keçmişi xatırlayanda beynimiz həmin hadisəni rekonstruksiya edir, onu dəyişir, ona yeni informasiya əlavə edir. Bu zaman biz əslində heç vaxt baş verməmiş bir hadisənin içində olduğumuzu iddia edə bilərik.

Zaman təcrübəsini düşüncəmiz yaradır

Bundan başqa, düşünürük ki, gələcəyi təsəvvürümüzdə canlandırmaq keçmiş haqda düşünməkdən fərqlidir. Əslində isə bu iki proses bir-birinə bağlıdır. Hər iki prosesdə beyinin eyni hissələri iştirak edir. «Bu bacarıq bizə planlar qurmağa və hər hansı bir öhdəlik götürməzdən öncə hipotetik imkanları götür-qoy etməyə imkan verir», - məqalədə deyilir.

Bütün bunlar beynimizin zamanla münasibəti kontekstində mümkün olur. Körpə uşağın avtobioqrafik yaddaşı çox kiçik olduğundan o, daim indiki zamanda yaşayır. İndiki zamanda baş verənləri hiss edir, ancaq keçən ay havanın çox soyuduğunu düşünüb yenidən soyuqların düşəcəyindən narahat olmur. Bir qədər böyüyən, «mən» hissi formalaşmağa başlayan uşaqsa artıq dünənlə sabahı ayırmağı öyrənir.

Məqalədə daha sonra deyilir ki, zaman təcrübəsini bizim düşüncəmiz yaradır. Zamanı qavramanın bu konstruksiyası müxtəlif amillərin təsiri altındadır. Bu amillərə yaddaş, konsentrasiya, hisslər daxildir. Bizim həmin an keçirdiyimiz hisslər sanki zaman və məkan içində səyahət edir.

Məqalənin müəllifləri keçmişə və gələcəyə baxıb məyus olmaqdansa, xatirələrimizdən gələcək haqda düşünməyimizə kömək edən resurs kimi baxmağı təklif edirlər. Özü də, bu ideya yeni deyilmiş. Sən demə, Aristotel xatirələri həyatımızın arxivi kimi yox, gələcəyimizi təsəvvür etmək üçün alət kimi görürmüş.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG