Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:28

Zahid Oruc satqınlardan danışır, amma ad çəkmir


“Məncə, prezidentin sərt xarakteri bütün maneələri aradan götürməyə imkan verəcək”

“Dövlət idarəçilik sistemi ilə bağlı xəbərlərdən hakimiyyəti və ya konkret naziri, nazirliyi zəiflətmək üçün istifadə edilməsi bağışlana bilməz. Dövlət rəhbəri bunu artıq sübuta yetirib”.

“Xüsusən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qalmış media vasitəsilə narazılıqların hansısa tərəfə qarşı gizli yollarla ötürülməsi həm təhlükəlidir, həm də bir sıra hallarda hakimiyyət əleyhdarları bundan boy alırlar, hər hansı informasiya qərəzli şəkildə rəqib cinahlara ötürülür”. Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosu-na müsahibəsində deyir.

Prezident İlham Əliyev son müşavirədə islahatlara qarşı çıxanların olduğunu bildirdi. Kimdir prezidentə, islahatlara qarşı çıxanlar? Niyə adlar açıqlanmır?

Mənə elə gəlir ki, ki, həmin müşavirəylə bağlı təkcə islahatlara konkret şəxslərin, ya bəlkə baxışların, ayrı-ayrı münasibətlərin mane olmasına yox, ümumən ölkənin gələcək həyatında prezidentin həyata keçirməyə çalışdığı böyük dəyişikliklərin, yeni kursun üzərinə daha çox indekslənmək lazımdır. Həmin müşavirə Valday kürsüsündə edilən çıxışın sanki daxildəki təkrarı idi. Siyasi yükünə, dəqiq hədəflərə yönəlməsinə, ölkənin gələcəyi ilə bağlı aydın baxışlara, komandayla və başqa mühüm məsələlərlə bağlı əhatə dairəsinə görə. Orda bizim üçün ən mühüm məsələ prezidentin islahatların alternativsizliyini, bundan ötrü ölkə rəhbərinin güclü iradəsinin olduğunu bir daha bəyan etməsidir. İslahatların on illər ərzində davam etməsi fonunda belə rəylər mövcud idi ki, “bu islahatlar davamlı xarakter daşımır, əksinə aralıq mərhələdə çağırış olur, reaksionist qaydada onun üzərinə gedilir, proseslər sonradan öz məntiqi nöqtəsinə qayıdır” və s. 2019-cu ilin 12 yanvar müşavirəsində prezident məhz öz konsepsiyalarını irəli sürmüşdü. Sonradan müstəvi bir qədər dəyişdi, sosial alt qatda mühüm tədbirlərlə cəmiyyətin ağrılı problemlərini bir qədər azaltmağa, daha sonrakı dövrdə iqtisadi, məhkəmə-hüquq sistemi, idarəçilik sahələrində islahatları daha da dərinləşdirmək xəttinə önəm verildi. Mən prosesi belə dərk edirəm. İkinci nöqtə prezidentin dediyi konkret şəxslərdən daha çox yeni idarəçilik fəlsəfəsi, stilinə, keyfiyyət dəyişikliklərinə bağlı məsələlərdir. Bəzən hansısa kadrın dəyişməsi gözlənilən nəticəni vermir. Burada önəmli məsələ institutsional dəyişiklikdir, qanuni prinsiplərə əməl etməkdir, şəffaflıqdır, hesabatlılıqdır və s. Qaldı sizin dediyiniz məsələyə, prezident hər zaman olduğu kimi bütün hökumət strukturunda, o cümlədən özünün siyasi komandasında “vahid komanda” modelini görmək istədiyini dilə gətirib. Dünənsə bunun aydın, dəqiq, hədəfli siyasi ünvanlara yönəlmiş açıqlamasını gördük. Mən parlament üzvü, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri kimi bunu “kimlər bu açıqlamanın hədəfindədir, kimlər vəzifəsini itirə bilər, struktur islahatları hansı qurumların birləşdirilməsi ilə müşaiyət olunacaq” kimi təxəyyül məhsuluna çevirmirəm. Burda vacib bir məsələ odur ki, hökumətdə monolitlik çox vacibdir.

Bu gün komandada monolitlik yoxdur?

Bir nazirlik, bir struktur digərinin apardığı islahatı koordinasiyalı qaydada dəstəkləməlidir. Proseslə bağlı narazılıq, şübhələr əvvəldən deyilməlidir. Xüsusən də keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovdan qalmış media vasitəsilə narazılıqların hansısa tərəfə qarşı gizli yollarla aparılması həm təhlükəlidir, həm də bir sıra hallarda hakimiyyət əleyhdarları bundan boy alırlar, hər hansı informasiya qərəzli şəkildə rəqib cinahlara ötürülür. Beləliklə də müxtəlif strukturların əleyhinə tirajlanır, daim gündəmdə antisosial məmur obrazları qalır. Bəlkə gələcəkdə prezidentin mesajı konkret şəxslərin üzərində sərt qərarlarla müşaiyət olunacaq, ancaq düşünürəm ki, əvəzlənmələrdən, dəyişikliklərdən daha çox önəmli olan prezidentin idarəçiliyə yeni baxışlar gətirməsidir. Hər bir şəxs vahid komanda olmaq prinsiplərini qorumalıdır. Bu, çox önəmlidir. İlham Əliyevin iradəsi əngəllənə bilməz, kimsə ona qarşı sabotaj edə, addım ata, islahatlara qarşı çıxa bilərsə özü çıxılmaz duruma düşəcək. 2019-cu ilin əvvəlində islahatlar başlamışdı. Aralıq mərhələdə kimlərsə düşünürdü ki, bəlkə təxirə salınma, ləngimə var, amma əksi baş verdi. Məncə, prezidentin sərt xarakteri bütün maneələri aradan götürməyə imkan verəcək.

Zahid bəy, ilin əvvəlində islahatlardan danışılsa da, ilin ortasında mövzu sanki unuduldu. Niyə belə?

2015-ci ildə hökumətdə bir xeyli dəyişiklik baş vermişdi. Bununla belə devalvasiya çox mənfi izlərini ortada qoymuşdu. Ona görə də hər hansı siyasi dəyişikliklər, hər hansı hüquq məkanında atılması istənilən addımlar müxtəlif maraqlara toxunduqda bəzən əks cinahın mövqelərini gücləndirməklə elə vasitələr işə salınır ki, əslində, xalqın xeyrinə olan addımlar belə insanlara düzgün izah olunmaması səbəbindən, ya başqa səbəblərdən əks nəticələrə yol açır. O üzdən istənilən cəmiyyətlə dövlət münasibətlərində daim ictimai rəyi bilmək, onunla sinxron işləmək və daha sonra qlobal addımlar atmaq lazımdır. Ölkə rəhbəri ard-arda iki mühüm sosial inqilabi qərarlarla çıxış etdi. İlham Əliyev yeni bir Azərbaycan quruculuğunda maraqlıdır. O, dövlətin vətəndaşın nəzərində güvənc yeri olmasını istəyir. Ad çəkilməsə də, əvvəlki nazirlərin işindən narazılıq ifadə olundu, həmin qurumlarda islahatların aparılmasının qeyri-mümkün olması təəssüratı yaradılsa da, ortaya başqa mənzərə çıxdı. Əslində, hər hansı nazirin işi dövlətin, dövlətin ali rəhbərliyinin ayağına yazıla bilməz. Ona görə ki, ölkə rəhbəri regional və beynəlxalq miqyasda böyük layihələrə, transmilli layihələrə, mürəkkəb geosiyasi problemlərə indekslənir.

Amma nazir də, prezident də eyni komandadır. Komandanın başında prezident durur. Gəmi batırsa günahkar birinci növbədə kapitandır, elə deyilmi?

Hökumətdə yer tutan şəxslərdən kimsə ona göstərilən etimadı doğrultmayıbsa bununla bağlı cavabdehliyin ancaq prezidentdən istənilməsi sovet yanaşmasıdır. Demokratik idarəçilik onu tələb edir ki, biz fərdi cavabdehliyi də sorğulayaq. Sizin dediyiniz gəminin batması hadisəsi sübut etdi ki, 2015-ci ildən sonra ağır iqtisadi-sosial problemləri həll etmək mümkün oldu. Yalnız ölkənin birinci şəxsinə etibar ən ağır problemlərin həllinə imkanlar açdı. Bu üzdən prezident cəsarətli qərarlar verməkdə israrldıır. Bəlkə də kimlərsə hansısa vasitələrlə bunu şantaj etmək istəyə bilər. İlham Əliyevin qarşıya qoyduğu böyük hədəflər istər komanda üzvləri, istərsə də hökumət strukturları, eyni zamanda xalq tərəfindən dəstəkləndiyinə görə reallaşacaq.

Nə prezident, nə siz, nə də bu gün səhərdən mediaya danışan rəsmilər ad çəkir. Vahid komandadan danışılırsa, prezidentin ətrafında birləşən komandadan danışılırsa orda kimlər komanda əleyhinə işləyirsə bu bilinməlidir. Açıqlanmırsa iki variant var: ya onlar çox güclüdür, prezident onlardan çəkinir, ya da bu blefdir, uğursuzluqları kiminsə adına yazmaqdan ötrü adılan addımdır.

Belə müşavirələrdə adlar söylənmirsə dərhal hansısa informasiya platformalarında fərqli yanaşmalardan söz açılır, qeyd olunur ki, dövlət Azərbaycan insanından uzaqdadır, onun problemləriylə yaşamır, komanda üzvlərinə nəzarət yoxdur və s. və ilaxır. Deyilir ki, yəqin günahkar axtarılır, qurbanlar olacaq və şok addımlar atılacaq, həqiqətdəsə siyasətin keyfiyyəti, idarəçilik prinsipləri dəyişməyəcək. Halbuki ölkə rəhbəri komandaya münasibətdə vətənpərvərlik, intellektuallıq, islahtçılıq kimi əsas prinsipləri elan etdi. Yəni işə buna uyğun gələcək insanları cəlb etməyin vacibliyindən danışdı. Bu mənada prezidentin qərarlarına qarşı çıxan məhdud sayda insanlar özləri qərar verməlidirlər ki, kimin yanındadırlar. Tarix korrupsiyaya bulaşmış Əli İnsanovun timsalında göstərdi ki, elə adamlar müxalif düşərgəyə transfer olduqda “müqəddəslik” itir. Prezidentin mövqeyini, iradəsini əngəlləmək mümkün deyi. 2003-cü ildə ayrı-ayrı adamların hakimiyyət daxilində kök atdığı, şaxələndiyi, böyük qüvvəyə yiyələndiyi, dövlət içində dövlətə çevrildiyi haqda danışırdılar. Biz zaman-zaman onların dəyişdiyini gördük. Bunun ən bariz nümunəsi də 2015-ci ildə baş verdi. Prezident strateji məqsədə doğru gedəndə müəyyən pauzalar da olur, korreksiyalar da olur, amma yol sonuna qədər gedilir. Ölkə başçısını beynəlxalq güclər iradəsindən döndərə bilməyibsə, daxildə hansısa insanın, məmurun onu durdurması mümkün deyil. Prezident demək istəyirdi ki, bu dəyişikliyin uğurlu nəticəsini görməmək məqsədilə kimlərəsə qarşı mediada fəaliyyət aparılır. Bu yolverilmzədir, komanda normalarına ziddir.

Komanda daxilində kimsə ümumi işin ziyanına addım atırsa uzaqlaşdırılmalı deyilmi?

Komandaya və ya prezidentə qarşı çıxmaqdan söhbət gedə bilməz. O cür təfsir etmək müşavirənin məzmununu təhrif etmək olardı. Konkret şəxslər arası razılaşma olmaması, qəbuletməzlik iki nazirlik arasında mənfi münasibətlərə səbəb olursa buna heç kəsin ixtiyarı yoxdur. Dövlət idarəçilik sistemi tələb edir ki, hansısa strukturda təmsil olunursan ol, sənin şəxsi münasibətinə yer yoxdur, antipatiyalar islah edilir. Satqını isə bağışlamaq olmaz. Dövlət idarəçilik sistemi ilə bağlı xəbərlərdən hakimiyyəti və ya konkret naziri, nazirliyi zəiflətmək üçün istifadə edilməsi bağışlana bilməz. Dövlət rəhbəri bunu artıq sübuta yetirib. Onun müşavirədə dedikləri də “mənə qarşı çıxanlar cəzalandırılacaq” kimi başa düşülməməlidir. Söylənildi ki, hansısa nazirliyin apardığı islahatların nəticəsini qəbul etmək istəməyənlər bəzi addımlar atır, bu yolverilməzdir və bununla bağlı prezident iradəsini ortaya qoyacaq. Bunun ardınca hansı qərarlar olacaq, görəcəyik.

Eldar Mahmudova bağlı media qurumlarının olduğunu dediniz. Bundan başqa, bəzi redaktorlar müşavirədən az sonra mediaya az qala hər məmura bağlı saytların olduğu haqda açıqlamalar veriblər. Onların sayı çoxdurmu? Və nə dərəcədə təhlükəlidir?

Məsələ sayda deyil, belə manerada, üslubda fəaliyyətin aparılmasındadır. İkincisi, söhbət hər bir məmurun çevrəsində özünüqoruma mexanizmi kimi mətuat orqanının təsisindən də getmir. İndiki informasiya-kommunikasiya sistemi elədir ki, burada hər hansı qəzetin, saytın təsisinə ehtiyac yoxdur. Sosial media olmazın imkanlar verir. Bir məsələ daxili sirrin qorunmasını tələb edirsə və ya bir qurumun nümayəndəsi başqa nazirliyin rəsmisini sevmirsə, xoşlanmırsa bu şəraitdə onu dövriyyəyə çıxarması, onu gündəmdə saxlaması yolverilməzdir. Bu üzdən məmurlar üçün etik kodeks qəbul olunub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG