Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:39

Azərbaycan prezidenti Azərbaycan mediasına niyə müsahibə vermir?


Azərbaycan jurnalistləri niyə İlham Əliyevlə görüşə bilmirlər?
Gözlə

No media source currently available

0:00 0:14:48 0:00

Azərbaycan jurnalistləri niyə İlham Əliyevlə görüşə bilmirlər?

Prezident İlham Əliyev Azərbaycan jurnalistlərinə sonuncu dəfə nə vaxt müsahibə verib? Söhbət etdiyimiz jurnalistlər bu suala çiyinlərini çəkirlər.

Hətta media ilə birmənalı münasibətləri olmayan ABŞ prezidenti Donald Trump da tez-tez ABŞ-ın müxtəlif media qurumlarına müsahibələr verir. Rusiya da daxil, əksər ölkələrdə dövlət başçıları da belə hərəkət edirlər.

Amma 15 ildir ki, bu kürsüdə oturan prezident hakimiyyətinin ilk illərində yerli jurnalistlər üçün ayaqüstü brifinqlər keçirsə də, sonralar müxbirlərin belə imkanı da yığışdırıldı.

“İlham Əliyevi “Qaynar qazan”a dəvət edərdim”

Bakıda bir neçə jurnalistdən soruşmuşuq ki, İlham Əliyevə sual vermək imkanınız olsaydı, ondan nə soruşardınız?

Aynur Elgünəş

“Yəqin ki, İlham Əliyevlə qarşılaşmayacağıq, amma qarşılasaydıq, ona sualım bu olardı ki, əgər sadə vətəndaş olsaydı, indiki Azərbaycanda yaşamaq istərdimi?

İkinci sualım belə olardı: 15 ildir biz eşidirik ki, İlham Əliyev yaxşıdır, ətrafı pisdir, bu ritorikanı dəyişmək istərdimi? Çünki yaxşı rəhbərin pis komandası olmur”.

Əvəz Zeynallı

“Ona ölkədə baş verən son hadisələrdən, yumurtanın qiymətinin qalxıb 32-33 qəpik olmasından, unun bahalaşmasından, şəhidlərə ayrılan sığorta pulunun verilməməsindən, ümumiyyətlə total özbaşınalıqdan, rüşvətdən xəbərinin olub-olmadığını soruşaram və imkan olsa, onu müəllif verilişim olan “Qaynar Qazan” verilişinə dəvət edərəm”.

Şəmşad Ağa

“Sual verərdim ki, bu ölkədə jurnalistləri niyə həbs edirsiz, ümumiyyətlə bu ölkədə proses niyə uzun çəkir?”

Yerli jurnalistlərlə kəlmə kəsməsə də, prezident bəzən xarici jurnalistlərin qarşısına çıxır. Amma belə görünür ki, İlham Əliyev daha çox rusdilli media və ya Rusiya mətbuatı ilə ünsiyyətdədir.

İlham Əliyev Rusiya jurnalisti Vladimir Solovyovu qəbul edib
İlham Əliyev Rusiya jurnalisti Vladimir Solovyovu qəbul edib

Google-da ingilis dilində “Ilham Aliyev Interview” yazanda 412 min nəticə, Rus dilində eyni sözü yazanda üç dəfə çox, bir milyon yarım nəticə çıxır.

Rus dilindəki müsahibələrdə isə İlham Əliyevə demokratiya, insan haqları, korrupsiya ilə bağlı çətin suallar verildiyinə rast gəlinmir.

Bu ay Rusiya Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Bakıda olub, noyabrın 26-da o, Trend agentliyinə müsahibəsində deyib ki, İlham Əliyev əslində jurnalistlərlə maraqlanır, söhbət zamanı o, dünyanın müxtəlif ölkələrindən, o cümlədən Rusiyadan bir çox jurnalistlərin soyadlarını çəkib:

“Hiss edirdim ki, o, gün ərzində mətbuatı şəxsən izləyir. İş burasındadır ki, o, Qərb mediasını ingilis, bizimkini rus, Türkiyə mətbuatını isə türk dilində izləyir. Məhz dil bilikləri sayəsində onun bu cür materiallarla problemi olmur”.

“Bizim mətbuatı ciddi mətbuat saymır”

Azərbaycanın ilk media qurumlarından olan “Turan” xəbər agentliyinin direktoru Mehman Əliyev AzadlıqRadiosuna deyir ki, jurnalistlərin sualları əslində ictimaiyyətdə açıq qalan suallardır və bunlara cavab verməmək heç İlham Əliyevin də xeyrinə deyil, çünki məlumat verilmədikcə internetdə, sosial şəbəkələrdə saxta məlumatlar yayılır.

Mehman Əliyev, İlham Əliyevin xarici mediaya müsahibə verməsini belə izah edir :

“Bizim mətbuatı ciddi mətbuat kimi saymır, hesab edir ki, ehtiyac yoxdur bu mətbuatla təmasda olmağa, jurnalistlərin suallarına cavab verməyə. Mən bunu belə görürəm əslində. Xarici jurnalistlərə vaxtaşırı müsahibələr verir. Düzdür, orda olanda istəsə də, istəməsə də, şəraitə düşür, cavab verməli olur. O xoşlamır nəsə. Heydər Əliyev hansısa fikirlərini kimlərəsə çatdırmaq üçün jurnalistlərlə ünsiyyətdə olurdu. Amma İlham Əliyevdə bu yoxdur”.

Yeni Azərbaycan Partiyasının siyasi kursunu dəstəkləyən deputat Zahid Oruc isə deyir ki, bütün siyasi liderlərdən eyni media siyasəti gözləmək düzgün deyil.

Onun sözlərinə görə, İlham Əliyevin idarəçilik sistemində mühüm qurumlar var və qurumların mətbuatla əlaqəsi dinamik qurulub:

“Mətbuat xidməti vasitəsilə, o cümlədən, prezidentin köməkçisi Əli Həsənov vasitəsilə, bütövlükdə administrasiya Ramiz Mehdiyevin rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələri, həmçinin beynəlxalq həyatla bağlı görüşlərə, efir məkanına çıxılır. O üzdən prezident Azərbaycan mətbuatına müsahibə vermir fikrini hökm kimi çıxartmaq çox yalnışdır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Sizcə, İlham Əliyev xəbərləri hardan alır?
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00

Prezident İlham Əliyev özü, çıxışlarında medianın inkişafı üçün hər bir şəraitin yaradıldığını, söz və mətbuat azadlığının təmin olundiğunu bildirir.

Sərhədsiz Reportyorlar Birliyinin son hesabatına görə, Azərbaycanda media azadlığı 180 ölkə arasında 163 -cü yerdədir.

Qonşu Gürcüstan bu siyahıda Azərbaycandan 120 pillə, Ermənistan 83 pillə irəlidədir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG