Keçid linkləri

2026, 19 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 23:48

Vəkil Zabil Qəhrəmanovun həbs müddəti uzadıldı


'Zabil Qəhrəmanov işi': Vəkil polisi tənqidinə görə həbs edilib?
Gözlə

No media source currently available

0:00 0:07:16 0:00

'Zabil Qəhrəmanov işi': Vəkil polisi tənqidinə görə həbs edilib?

Üç aydır həbsdə olan vəkil Zabil Qəhrəmanov haqqında istintaq dövrü üçün həbs-qətimkan müddəti daha iki ay uzadılıb. Səbail rayon Məhkəməsində hakim Şəhla Süleyman belə qərar çıxarıb.

Yanvarın 17-dəki məhkəmədə vəkilin həbs müddətinin artırılması barədə prokurorun təqdimatına baxılıb. Z.Qəhrəmanov özü də, vəkili Rəsul Cəfərov da təqdimata etiraz ediblər. Onlar cinayət işinin əsassız olduğunu vurğulayaraq istintaqda yol verilən qanun pozuntularını sadalayıblar.

Müstəntiq təqdimatın təmin olunmasında israr edib. Təqdimat belə əsaslandırılıb ki, istintaq davam edir, atılası addımlar var və istintaq getdiyi müddətdə Z.Qəhrəmanovun həbsdə saxlanması məqsədəuyğundur. Azadlıqda qalarsa, istintaqdan yayınmaq, proses iştirakçılarına təsir göstərmək imkanı ola bilər.

Müdafiə tərəfinin etirazlarına baxmayaraq, hakim Ş.Süleymanova təqdimatı təmin edib.

Z.Qəhrəmanovun vəkilləri bu qərardan apellyasiya şikayəti veriblər.

"Zabil Qəhrəmanov haqqında həbs-qətimkan tədbirinin müddətini uzatmaq, ümumiyyətlə, onun həbsi üçün əvvəldən heç bir əsas olmayıb", - təqsirləndirilənin vəkili Babək Həmidov AzadlıqRadiosuna belə deyib.

Özü və vəkilləri etiraz etsələr də, Z.Qəhrəmanov haqqında cinayət işinin istintaqı öncə Gəncə şəhər Baş Polis İdarəsində aparılıb. Etirazlar Gəncə şəhər Prokurorluğuna, Baş Prokurorluğa bir neçə dəfə məktub və teleqramlarla bildirilib. Müdafiə tərəfi etirazını həm cinayət işində bəhs edilən olayın Gəncəyə aidiyyəti olmaması, həm də Gəncə şəhər Baş Polis İdarəsi rəhbərliyinin Z.Qəhrəmanova qarşı qərəzli münasibəti ilə əsaslandırıb.

Öncə etirazlar təmin olunmasa da, bir müddət sonra cinayət işi Bakıya – Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə göndərilib. Z.Qəhrəmanov özü də təxminən bir həftə öncə Gəncədən Bakı İstintaq Təcridxanasına köçürülüb.

Xatırlatma

Gəncə Regional Vəkil Bürosunda çalışan Z.Qəhrəmanov oktyabrın 23-dən həbsdədir. Ona Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.2.2-ci (ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) maddələriylə ittiham verilib.

İddia olunub ki, saxlandığı gün Z.Qəhrəmanov avtoyuma məntəqəsində çalışan Fazil İsgəndərovla mübahisə edib, ona əl qaldırıb.

İddiaya görə, vəkil saxlandığı gün Şəmkir sakini Emin İbrahimov da Gəncə şəhər Baş Polis İdarəsinə ondan şikayət edib. Bildirib ki, Z.Qəhrəmanov 5 min 600 manatını alaraq ona vəkillik edib və prosesin onun istədiyi kimi başa çatacağına söz verib. Ancaq son nəticədə proses onun istədiyi kimi bitməyib.

Z.Qəhrəmanovsa hər iki ittihamın əsassız olduğunu, onu cəzalandırmaq üçün adları çəkilən şəxslərdən istifadə edildiyini deyir.

Həbsindən iki həftə öncə - oktyabrın 8-də Daxili İşlər Nazirliyindən gələn şikayət əsasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə Z.Qəhrəmanovun vəkillik fəaliyyətinin 6 aylıq dayandırılmasına qərar verilmişdi.

O, bir sıra səs-küylü işdə müdafiəçi qismində çıxış edib. Bunların arasında Tovuz rayonunun Dondar Quşçu kəndində 11 yaşlı Nərmin Quliyevanın oğurlanıb meyitinin yandırılmasında suçlanan İlkin Süleymanovun, qətl ittihamı ilə 11 il cəza alıb 4 il sonra bəraət hökmü ilə azadlığa çıxan Polad İsmayılovun məhkəmələrini sadalamaq olar. Z.Qəhrəmanov "Tərtər hadisələri"ndə bir neçə zərərçəkmişin və bir çox ictimai-siyasi fəalın da hüquqlarını qoruyub.

XS
SM
MD
LG