Gürcüstanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aktiv kommunikasiya aparılır. Bunu Gürcüstanın Xarici işlər naziri David Zalkaliani deyib.
“Son 30 ildə ilk dəfə olaraq bu gün Gürcüstan vacib rol və funksiya daşıyır. Sizə bəllidir ki, baş nazirin birbaşa təşəbbüsü və vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında aktiv kommunikasiya aparılır”, – Zalkaliani Gürcüstanın İctimai Televiziyasının efirində deyib.
“Gürcüstan hökuməti ilk növbədə regional əməkdaşlıq nöqteyi-nəzərindən bu ilk addımlara nail olur. Bu vacib nəticə bizim əməkdaşlıq sayəsində mümkün olub”, – gürcüstanlı nazir vurğulayıb.
Onun sözlərinə görə, Avropa və ABŞ-ın fəal dəstəyilə bu istiqamətdə gələcək addımlar atılacaq.
Xatırlatma
Gürcüstanın baş naziri İrakli Qaribaşvili ötən ay Azərbaycanda olub, Ermənistana da səfər edəcəyini açıqlayıb. O ümidvar olduğunu bildirib ki, qonşu ölkələrin liderləri ilə şəxsi münasibətləri Yerevanla Bakının münasibətlərinin normallaşmasında onun müsbət rol oynamasına imkan verəcək.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsini və ətraf 7 rayona nəzarəti bərpa edib. 9 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsi tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qalıb.
Bu ilin iyununda Azərbaycan 15 erməni hərbçini Ermənistana təhvil verdi və bunun əvəzində Ağdam rayonuna basdırılmış 97 min minanın xəritəsini əldə etdi. Bu proses Birləşmiş Ştatlar, Avropa Şurasının vasitəçiliyi ilə Gürcüstan ərazisində baş tutub.