Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Yeni şəxsiyyət vəsiqəsində e-imza 'çatışmır'


Yeni şəxsiyyət vəsiqəsi
Yeni şəxsiyyət vəsiqəsi

Sentyabrın 1-dən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıb. Ancaq yeni vəsiqələrin onun əsas fərqləndirici xüsusiyyətlərindən biri kimi təqdim olunan elektron imzaya malik olmadığı deyilir.

Bu haqda «Turan» agentliyinə yeni vəsiqə əldə etmiş vətəndaşlar bildiriblər.

Artıq bir aya yaxındır verilməsinə başlanılan yeni nəsil şəxsiyyət vəsiqələrinin təhlükəsizlik nöqteyi-nəzərindən köhnə vəsiqələrdən daha təkmil olduğu deyilir. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyat, ailə vəziyyəti haqqında məlumatlar, şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu, elektron imzası və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı - çip yerləşdirilməlidir.

«ASAN Xidmət»dən yeni şəxsiyyət vəsiqələrində elektron imzanın olmaması haqqında deyilənlərə münasibət almaq mümkün olmayıb.

«Turan» agentliyinin vurğulamasına görə, onların sorğusuna cavab olaraq «ASAN Xidmət»dən bildiriblər ki, onlara vətəndaşlardan da bununla bağlı çox sayda suallar daxil olur. Verilən məlumata görə, «ASAN Xidmət» bu problemin səbəbi haqqında sorğu ilə Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib. Hələlik DİN-dən cavab gəlmədiyi deyilir.

Bəzi idarələrdə oxuyucu qurğu yoxdur

Agentliyin xəbərində qeyd olunduğuna görə, Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən isə bildiriblər ki, elektron imzaların şəxsiyyət vəsiqələrindəki çiplərə daxil edilməməsi texniki problemlərlə bağlıdır. Bildirildiyinə görə, vətəndaşların elektron imza vasitəsilə şəxsiyyətlərini təsdiqlətməkdən ötrü müraciət etdikləri dövlət idarələrinin bəziləri bu imzaları oxuyan avadanlıqları hələ almayıblar.

«Bəzi idarələr artıq bu aparatları əldə edib. Bütün dövlət müəssisələrində müvafiq oxuyucu qurğular alındıqdan sonra problem tamamilə həllini tapacaq», - qurumdan bildiriblər.

Ekspert Osman Gündüz isə şəxsiyyət vəsiqələrində elektron imza funksiyasının işə salınmamasını tənqid edib.

«Bu xidmət olmadan yeni şəxsiyyət vəsiqələrini yeni nəsil sənəd kimi qələmə verməyin mənası yoxdur. Elektron imza əvvəlki şəxsiyyət vəsiqələrindən ən böyük fərqdir», - ekspert bildirib.

O, əlaqəli qurumların birlikdə bu problemi həll edəcəyinə ümid bəslədiyini bildirib.

Xatırlatma

Bu il iyunun 29-da Milli Məclis «Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında» Qanun layihəsini qəbul edib. Azərbaycanda bu il sentyabrın 1-dən vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqələrinin veriləcəyi də o sənəddə əksini tapmışdı.

Avqustun 29-da Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə həsr olunan müşavirə keçirilib, əlaqəli qurumların vəsiqələrin tətbiqinə hazır olduğu bildirilmişdi.

Avqustun 31-də isə 1 nömrəli yeni nəsil şəxsiyyət vəsiqəsi prezident İlham Əliyevə təqdim olunmuşdu.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG