Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:09

Prezidentə müraciət - telefon rüsumu və 'ASAN imza'ya görə…


O.Gündüz

Vətəndaş cəmiyyəti Azərbaycan prezidentinə «Asan imza»ya görə abunə haqqının və mobil telefonların qeydiyyat rüsumlarının artırılması barədə qərarlara yenidən baxılması xahişiylə müraciət etmək niyyətindədir.

Belə məzmunda müraciət təşəbbüsünü Azərbaycan İnternet Forumu irəli sürüb.

Forumun prezidenti Osman Gündüz deyir ki, artıq müraciət üzərində iş demək olar ki, başa çatıb.

«Müraciət demək olar ki, hazırdır. Bu gün ( avqustun 7-də), ya da sabah imzalanıb ölkə başçısına göndəriləcək», - deyən O.Gündüzün fikrincə, həm «Asan imza»nın abunə haqqının, həm də mobil telefonlara görə rüsumların məbləğinin artımı əsassız olaraq ortaya atılan, reallığa uyğun gəlməyən bir addımdır.

«Biz hər iki məsələ ilə bağlı özümüzün əks arqumentlərimizi irəli sürürük. «Asan imza» ilə bağlı deyə bilərik ki, bu sahədə rəqabətsiz mühit var. Hökumət bu layihə üçün vaxtilə münbit şərait yaradıb. Bu, hökumətin özünün layihəsidir. Dövlət bu layihəyə şərait yaradıb. Onların indi irəli sürdükləri xərclər var ki, bunun hər hansı bir əsası yoxdur. Bu, xərclərini çıxarmış və gəlirlər əldə etmiş layihədir. Artımın əleyhinə xeyli başqa arqumentlər də irəli sürmüşük. Xahiş etmişik ki, dayandırılsın», - deyən ekspert mobil telefonların rüsumlarının artırılmasını da doğru saymadıqlarını qeyd edib:

«Müraciətimizdə mobil telefonlara görə rüsumların artırılmasının heç bir hüquqi əsasının olmaması göstərilib. Doğrudan da, bir qisim insanlar var ki, şəxsi məqsədlər üçün telefonlar gətirirlər, ancaq bunu kommersiya qaydasında satırlar. Belələri 5, 10, 100 nəfər də ola bilər. Ancaq buna görə rüsumları artırmaq ümumilikdə toplumun maraqlarına zidd olan şeydir. Dövlətin əlaqəli qurumları var ki, onlar belə halların qarşısını hansısa formada almalıdırlar. Hesab edirik ki, bu baxımdan rüsumların artması əsaslı deyil».

O.Gündüz ümid edir ki, müraciətlərinə baxılacaq.

«Çünki məsələyə adicə qiymət artımı kimi yanaşmırıq. İndiyə qədər ölkədə bu sahədə gedən bir tendensiya var. Rəqəmsal cəmiyyətin formalaşması, rəqəmsal hökumətə keçid kimi addımlar atılır, prezident tərəfdən belə məzmunda xeyli sənədlər qəbul edilib. Son artımlarla bu tendensiya bir-birinə ziddiyyət təşkil edir, onlar bir-biri ilə uzlaşmır», - ekspert bildirib.

Xatırlatma

Nazirlər Kabineti iyulun 31-də «Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri»ni təsdiq edib.

Bundan sonra foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödəniləcək.

Cihazın bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda rüsum 30, 200-ə qədər olduqda isə 50 manat müəyyən edilib.

Onun bazar qiyməti 201-400 dollar arası olduqda 60, 700 dollara qədər olduqda 70, 1000 dollar olduqda 100, 1001 dollardan yuxarı olduqda isə 150 manat rüsum ödəniləcək.

Bundan əvvəl isə bazar qiymətindən asılı olmayaraq, bütün mobil cihazların qeydiyyata alınmasına görə 5 manat dövlət rüsumu ödənilib.

Daha əvvəl, iyun ayında isə «ASAN imza»ya görə abunə haqları artırılmışdı. İndiyədək abunə haqqı aylıq 1 manat idi. Artımdan sonra onun məbləği 2 manat 50 qəpik olub.

«ASAN imza» layihəsi dövlətindir. Həmin layihənin gerçəkləşməsində iki dövlət qurumu, ASAN və Vergilər Nazirliyi iştirak edib.

«Azercell Telekom» MMC bunu xidmətin maya dəyərini təşkil edən xərclərin artması ilə izah etmişdi.

XS
SM
MD
LG