Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:48

AMEA-dan Yasəmən Qaraqoyunluya cavab: 'Filosofdur, fəlsəfədən yazsın'


Yasəmən Qaraqoyunlu
Yasəmən Qaraqoyunlu

“Hesab edirəm ki, Yasəmən Qaraqoyunlunun danışdıqları həqiqəti əks etdirmir”, - Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə əməkdaşı Yasəmən Qaraqoyunlunun prezident İlham Əliyevə ünvanladığı açıq məktubda səslənən tənqidləri AzadlıqRadiosu-na belə şərh edir.

Direktor bir cümləlik cavabla kifayətlənib ikinci sualı gözləmədən söhbətə son qoyur.

Buna da bax:​ İlham Əliyevə müraciət edən alim danışır

Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə (foto: wikipedia)
Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə (foto: wikipedia)

Yasəmən Qaraqoyunlu ölkə başçısına məktubunda apardığı sosial siyasətin “iflasa uğradığını”, son 25 ildə ölkənin “biz və onlar” kateqoriyasına bölünərək idarə olunduğunu, “ədalətsiz sosial siyasət nəticəsində” alimlərin “Sizif aqibəti”ylə üzləşdiyini, 200-300 manatlıq məvacibin bəzən yol puluna çatmadığını yazır. O son illər ölkədə üç təbəqənin formalaşdığı qənaətindədir: “Refleksi öldürülmüş aclar və yoxsullar təbəqəsi. Böyük titullar daşıyan lal, kar, kor, biganə, təcrid olunmuş yazarlar, alimlər təbəqəsi. Dövlət malını, milli sərvətləri talayaraq aşırı dərəcədə varlanmış, öz xalqının, ölkəsinin gələcəyinə, taleyinə biganələşmiş meritokratiya təbəqəsi, öz pullarını milli problemlərə deyil, əyləncəyə xərcləyən bir təbəqə. Biz isə AMEA-da kitablarımızı çap etməyə, məqalələrimizi xaricdə yayınlamağa pul tapmırıq”, - məktubda deyilir.

Məktub sosial şəbəkələrdə və mediada müzakirə olunmaqda, AMEA rəhbərliyi susmaqdadır.

Buna da bax: Müstəqil dövlət kimi Azərbaycanın hansı elmi kəşfləri var? [video]

Akademik Fuad Əliyev: “Filosofdur nədir, özü yazsın, özü də cavab versin”

AzadlıqRadiosu AMEA prezidenti Akif Əlizadənin mövqeyini öyrənə bilməyib. Köməkçisi prezident və vitse-prezidentlərin sentyabrın əvvəlinədək məzuniyyətdə və ölkədən kənarda olduqlarını söyləyib. Elmlər Akademiyası Rəyasət Heyətinin üzvlərindən akademik Fuad Əliyevsə qısa da olsa fikirlərini bölüşüb.

Akademik Fuad Əliyev
Akademik Fuad Əliyev

– Fuad müəllim, Yasəmən Qaraqoyunlunun prezidentə yazdıqlarını oxudunuzmu?

– Kimdir Yasəmən Qaraqoyunlu?

– Sizin AMEA-nın əməkdaşı. O hesab edir ki, Akademiyanın əməkdaşları “siyasi sistemin bir parçasına çevrilib”, elmlə məşğul olmaqdansa məddahlıqla məşğuldurlar, halbuki onlar hökuməti tənqid edə, ona faydalı təkliflər verə bilərdilər və s... Razılaşırsınızmı?

– Mən tanımıram onu. Özüm də məzuniyyətdəyəm. Bilmirəm nə yazıb. Filosofdur nədir, özü yazsın, özü də cavab versin.

Buna da bax:​ Yaqub Mahmudov: 'Jurnalistlərlə kobud rəftara qəti etirazımı bildirirəm'

– Bir alim kimi onun Azərbaycan elminin bu günü haqda söylədiklərinə verəcək cavabınız var yəqin.

– Nə yazıb, axı? Oxumadığım şeyə nə münasibət bildirim?

– Bütün mətbuat o məktubu yayımlayıb, sosial şəbəkələr müzakirə edir, doğrudanmı, rastınıza çıxmayıb?

Fuad Əliyev: “Filosofdur nədir, özü yazsın, özü də cavab versin”
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00
Direct-ə keçid

– Xeyr, rastıma çıxmayıb.

– Bu gün Azərbaycan alimlərinin susdurulduğunu, buna görə də onların “mənəvi intihar etdiyini, elmdən uzaqlaşdıqlarını düşünür.

– O nə bilir? Filosof kimyaçının gördüyü işləri bilə bilər? Mən kimyaçıyam. O bunu mənə necə deyə bilər?

– O zaman deyə bilərsinizmi, Azərbaycan son illər kimya sahəsində dünya miqyasına çıxacaq hansı uğurlara imza atıb?

– Dünya miqyasına çıxması haqda danışa bilmərəm. Bizim neft sahəsində görülən işlər elə kimyaçıların işi deyil? Neft yağları, neft emalı, neft istehsalı... Bəs nədir bunlar? O nə yazır? Filosofdur fəlsəfədən yazsın, başqa sahələrə toxunmasın...

Buna da bax:​ 'Alimlərin ev davası...' – Media icmalı

YAP-çı deputat: “Biz deyə bilmərik bu gün Azərbaycan elmi Avropa elmi səviyyəsindədir, ancaq...”

YAP-çı deputat, Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Şəmsəddin Hacıyevsə AzadlıqRadiosu-na bunları deyir:

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Şəmsəddin Hacıyev
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Şəmsəddin Hacıyev

– Ola bilsin kimsə məddahlıqla məşğul olsun. Amma ümumən elmin inkişafına çox ciddi fikir verilir. “Elm haqqında” qanun qəbul olunub, çox mütərəqqi işlər gedir. Texnopark yaradılıb. Yəni elmi fəaliyyət davam edir, özü də çox yüksək səviyyədə.

– Sizcə, elmə ayrılan maliyyə yetərlidir?

– Mən deməzdim ki, azdır. Ümumən götürəndə elmə ayrılan vəsait normaldır.

Buna da bax:​ Azərbaycan alimi ilə xarici alimin fərqi

– O zaman sualı belə qoyaq. Azərbaycanlı alimlərin maddi durumunu qənaətbəxş saymaq olarmı, onlar 200-300 manat maaş alırlar. Az maaşla elmə xidmət etmək, inkişaf etdirmək mümkündürmü?

– Ölkədə vahid əməkhaqqı sistemi, əməkhaqqı siyasəti var. O siyasətdən kənara çıxmaq mümkün deyil. Amma elmi işçilərə çox ciddi güzəştlər var, gənc alimlər üçün çox yaxşı stimullaşdırıcı vasitələr var. Yəni pozitivlər olduqca çoxdur, nəinki neqativlər.

Şəmsəddin Hacıyev: "Görünür, onun hansısa şəxsi problemi var"
Gözlə

No media source currently available

0:00 0:02:01 0:00
Direct-ə keçid

– Amma Yasəmən Qaraqoyunlu Azərbaycanda alimlərin dolanışığından danışarkən onların “Sizif əzabı” çəkdiklərini bildirir.

– Görünür, onun hansısa şəxsi problemi var. Vəziyyəti ümumiləşdirmək olmaz. Azərbaycanda elm həmişə prioritet istiqamət olub, bu gün də prioritetdir. Elmin inkişafı daim ölkə rəhbərinin diqqətindədir. Nəticələr də var, göz qabağındadır, patentlər də var, elmi kəşflər də var, ciddi işlər gedir. Təbii ki, biz deyə bilmərik bu gün Azərbaycan elmi Avropa elmi səviyyəsindədir və ya bir ildən sonra həmin səviyyədə olacaq. Ancaq mövcud potensialdan maksimum istifadə edilir.

Buna da bax:​ 33 min alim Azərbaycana nə töhfələr verib?

– Prezidentə məktubunda AMEA əməkdaşı iddia edir ki, ölkə iki qismə bölünüb: “bizlər və onlar”, o YAP-çıların bütün haqlarının qorunduğunu, yerdə qalanların “qul kimi süründüyünü” bildirir.

– Mən o Yasəməni tanımıram, bilmirəm də nə yazıb. Əksinə bu gün Azərbaycan cəmiyyəti monolit cəmiyyətdir. Ölkədə düşünülmüş bir siyasət var, ölkə əhalisinin 90 faizi bu siyasət ətrafında çox sıx birləşib. Ölkəmizin inkişafı üçün əllərindən gələni edirlər, YAP-çılar da o cümlədən, bitərəflər də.

AzadlıqRadiosu akademik Rafiq Əliyevdən bu polemikaya münasibət öyrənmək istəsə də, tədbirdə olduğunu bildirən alim “sonra danışaq” deyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG