Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:17

'Alimlərin ev davası...' – Media icmalı


Milli Elmlər Akademiyası
Milli Elmlər Akademiyası

Bakıda keçirilmiş «Formula-1» yarışları, bir qrup alimin ev bölgüsündən narazılığı və ölkənin regiondakı yeri bu gün medianın əsas mövzularındandır.

ALİMLƏRİN EV DAVASI BÖYÜYÜR

«Yeni Müsavat» qəzetində «Alimlərin ev davası böyüyür: AMEA qarşı sərt ittihamlar» sərlövhəli məqalə oxumaq olar.

Yazıda bildirilir ki, alimlərə tikilən binadan ev ala bilməyən elmi işçilərlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəhbərliyi arasında gərginlik davam edir.

Müəllif vurğulayır ki, bir müddət öncə bir qrup elmi işçi AMEA-nın Rəyasət Heyətinin müvafiq göstərişi ilə tikilən binada mənzillərin bölüşdürülməsi komissiyasının qərarından narazılıq ediblər. Onlar bununla əlaqədar daha öncə AMEA-nın qarşısında aksiya da keçiriblər.

«Yeni Müsavat» qəzetində bu xəbərin çapından sonra AMEA-nın İşlər İdarəsinin müdir müavini, komissiyanın katibi Sərdar Əliyev yaranmış mənzil problemi ilə əlaqədar qafqazinfo.az saytına açıqlama verib.

S.Əliyevin bildirməsinə görə, araşdırma zamanı məlum olub ki, yataqxanada qeydiyyatda olub yaşayan və ya adına otaq olub yaşamayan 107 ailə var:

«Onlardan 71 ailə AMEA-da işləyən, 36 ailə isə AMEA-da işləməyənlərdir... 71 AMEA əməkdaşından 17-sinin mənzil almağa hüququnun olması məsələsində problemlər yarandığını təsdiq edən sənədlər və məlumatlar toplanıb. Qalan 54 ailənin isə mənzil almağa hüququ olduğu müəyyən edilib. Yeni yaradılmış komissiya iyunun 13-də püşkatma yolu ilə 54 mənzilin bölgüsünü aparıb və hazırda sənədləşmə işləri davam etdirilir. Mənzil bölgüsü zamanı əməkdaşların elmi dərəcəsi, ailə vəziyyəti və ailədə imtiyaz verən digər hallar nəzərə alınıb».

Yazıda bildirilir ki, ancaq yataqxanada yaşayan elmi işçilər bu açıqlamadan narazı qalıblar. Onlar isə bunları deyir:

«Komissiyanın araşdırmaları zamanı yataqxanada yaşayan, AMEA-da işləyən sakinlərin hər biri iş yerlərindən arayış təqdim ediblər. Çox keçmədən AMEA-da kütləvi işdən çıxarılmalar və eyni zamanda institutların bağlanması ilə əlaqədar olaraq onlarla sakin işsiz qalıb. Bu gün evsiz qalan, deyildiyi kimi AMEA-da işləməyən sakinlər AMEA-nın həmin qurbanlarıdır. Bunların içərisində 10-a yaxın fəlsəfə elmləri doktoru da var. Biz dəfələrlə rəsmi müraciət etmişik, açıqlama istəmişik. Bu günə kimi sakinlərə heç bir rəsmi açıqlama verilməyib…».

Tbilisi
Tbilisi

AZƏRBAYCAN - REGİONUN AUTSAYDERİ

Azadliq.info saytında «Azərbaycan regionun autsayderi rolunda möhkəmlənir» sərlövhəli yazı diqqət çəkir.

Yazıda «Social Progress Imperative» təşkilatının dünya ölkələrinin sosial inkişafla bağlı yeni açıqladığı reytinq araşdırmasından bəhs olunur. Sayt bildirir ki, sözügedən reytinq hər il açıqlanır.

Reytinqdə ölkələr əhalinin əsas rifah faktorlarına görə qiymətləndirilir. Bunlar gigiyena, yaşayış yeri, qidalanma, səhiyyə, informasiya, təhsil imkanları, tolerantlıq, insan hüquq və azadlıqlarının səviyyəsidir.

Araşdırmaya görə, Gürcüstan regionda lider olub. Türkiyə 61, Ermənistan 59, Azərbaycan 76, Rusiya 67-ci yerdə qərarlaşıb. Gürcüstanın həmçinin Ukraynanı (64-ci yer), Qazaxıstanı (74-ci yer) və Belarusu (65-ci yer) qabaqladığı vurğulanır.

Formula-1
Formula-1

«FORMULA-1» AZƏRBAYCAN QRAN-PRİSİ

Rəsmi dövlət agentliyi olan AZƏRTAC-ın əsas məqalələrindən biri «Formula-1» Azərbaycan Qran-pri yarışlarının nəticələrinə həsr olunub.

«Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri – «Formula-1» Azərbaycan Qran-prisi iyunun 25-də uğurla başa çatdı. Odlar yurdunun paytaxtı Bakı öz tarixində növbəti dəfə mötəbər beynəlxalq idman yarışına ev sahibliyi etdi. Növbəti dəfə bütün dünyanın idman nəbzi Bakıda - Şərq ilə Qərbin koloritinin cəmləşdiyi bu nadir şəhərdə döyündü», - məqalə bu sözlərlə başlayır.

Yazıda prezident İlham Əliyev və ailəsinin final yarışını izlədiyi, qalibləri mükafatlandırdığı bildirilir.

««Formula-1» Azərbaycan Qran-prisi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca və şəhərin ən qədim hissəsi olan, UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirlər. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar Azərbaycan paytaxtının tam simasını görmək imkanı qazanırlar», - məqalə müəllifi yazır.

«Red Bull Racing» komandasının pilotu Daniel Ricciardo «Formula-1» Azərbaycan Qran-prisinin qalibi olub.

XS
SM
MD
LG