Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:04

Deputat: 'Yaşayış minimumu dəyişdirilməlidir'


Əli Məsimli
Əli Məsimli

«Yaşayış minimumunun hesablanma qaydası dəyişdirilməlidir».

APA-nın xəbərinə görə, Milli Məclisin noyabrın 23-ü keçirilən plenar iclasında 2018-ci ilin büdcə zərfinə daxil olan qanun layihəsinin müzakirəsi zamanı deputat Əli Məsimli belə deyib. Onun bildirməsinə görə, yaşayış minimumunun hesablanması zamanı müasir metodologiyadan istifadə olunmalıdır:

«Yaşayış minimumu hesablananda bazardakı proseslər, qiymətlər nəzərə alınmalıdır. Yaşayış minimumu hesablananda minimum istehlak səbəti hər üç ildən bir hesablanmamalıdır, çünki qiymətlər artır».

***Buna da bax-Komitə sədri səhiyyə xərclərinin azalmasına etiraz edir

Deputat ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmamasından narazılıq edib:

«Hər il ehtiyac meyarının yaşayış minimumu səviyyəsinə çatdırılmasını təklif edirik. Ehtiyac meyarı yaşayış minimumunun 68 faizi səviyyəsinə enib. Ehtiyac meyarını ona görə artırmırlar ki, ölkədə ünvanlı sosial yardım alan insanların sayı artacaq».

Yaşayış minimumuna hər üç ildən bir baxılır

Bu məsələyə münasibət bildirən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, yaşayış minimumundan asılı olmayaraq, ölkədə əmək haqları artırılır. O bildirib ki, yaşayış minimumunun hesablanması qaydası beynəlxalq praktikaya uyğundur:

«Azərbaycanda yaşayış minimumu 2014-cü ildən hesablanır. Yaşayış minimumu minimum istehlak səbətindən və icbari ödənişlərdən ibarətdir. Qanuna görə, yaşayış minimumuna hər üç ildən bir baxılır. Hazırda İqtisadiyyat Nazirliyində birgə komissiya yaradılıb. Biz Dünya Bankının ekspertlərini cəlb etməklə birlikdə minimum istehlak səbətinin və metodikanın ekspertizasını keçiririk».

***Buna da bax-V.Əhmədov: 'Qiymətlərin artmasının səbəbləri öyrənilmir'

Noyabrın 23-ü Milli Məclisdə «Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında» qanun layihəsi müzakirə edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qanun layihəsi barədə məlumat verib. Onun deməsinə görə, 2018-ci il üzrə yaşayış minimumunun ölkə üzrə 173 manat, əməkqabiliyyətli əhaliyə 183 manat, pensiyaçılara 144 manat, uşaqlara 154 manat müəyyən edilib.

«Gələn il üçün yaşayış minimumu bu ilin təsdiq olunmuş göstəricisindən 11 faiz çoxdur. Göründüyü kimi, ölkənin imkanları artdıqca, ölkədə yaşayış minimumu artırılır», - deyə Z.Səmədzadə vurğulayıb.

Bu il rəsmi statistikaya görə, ölkədə inflyasiya 14 faiz təşkil edib. Ərzaq mallarının isə 18 faiz bahalaşdığı bildirilir. Ancaq müstəqil iqtisadçılar deyirlər ki, bahalanma rəsmi rəqəmlərdən daha yüksəkdir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG