Ötən il noyabrın 21-də Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında üç nəfərin ölümü, 25 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı istintaq tamamlanıb.
Bu barədə mayın 25-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən "Loft Dent" stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin yanğın təhlükəsizliyi qaydalarına riayət etmədiyinə dair şübhələr yaranıb: "Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub".
B.Paşayev barəsində həbs-qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Rəsmi açıqlamaya B.Paşayev və onun vəkilinin münasibətini öyrənmək mümkün olmayıb.
22 noyabr
Yasamalda 3 nəfərin öldüyü yanğınla bağlı həbs edilən var
Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs həbs edilib. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Həbs olunan şəxs hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-nin (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevdir.
Noyabrın 23-də o, şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.
İttihama sözügedən şəxsin özü, yaxınlarından və başqa maraqlı tərəflərdən münasibət almaq mümkün olmayıb. Həmin ittiham üzrə şəxsə 10 ilə qədər həbs cəzası verilə bilər.
21 noyabr
Yasamalda yanğında üç nəfər ölüb
Noyabrın 21-i saat 19:50 radələrində Bakının Yasamal rayonu, M.Seyidov küçəsində yaşayış binasında yanğın olub.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin məlumatına görə, çağırış ünvanına 18 təcili tibbi yardım briqadası cəlb olunub: "20 nəfər Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub... Üç nəfərin isə həkiməqədər ölüm faktı qeydə alınıb".
+++
Yasamal rayonu, Mirəli Seyidov küçəsi 19A ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın tikilinin elektrik şaxtasında baş verib.
Yerli saytların məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməliyyat növbətçisi Nurlan İsayev jurnalistlərə açıqlamasında bildirib.
Mənzillərin yanğından mühafizə olunduğu, sakinlərin isə təhlükəsiz əraziyə tam təxliyə edildiyi deyilir.
Cinayət işi açılıb
Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatına görə, hadisə nəticəsində əmələ gələn tüstüdən üç nəfər boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib.
"Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır", - məlumatda bildirilir.