Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:31

Vəkilin işinə Rəyasət Heyəti baxacaq


Yalçın İmanov
Yalçın İmanov

Vəkillər Kollegiyasının İntizam Komissiyası vəkil Yalçın İmanovla bağlı rəy verib. Rəy vəkilin cəzalandırılmasını istəyən Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədovun şikayət məktubu və İmanovun özünün izahatı, təqdim etdiyi sənədlər əsasında verilib.

İntizam Komissiyası qərar çıxarıb ki, sözügedən rəy müzakirə olunması və müvafiq qərarın qəbulu üçün Vəkillər Kollegiyasının Rəyasət Heyətinə göndərilsin. Komissiya bu addımı da belə izah edir ki, həmin sənədlərdə qeyd edilən məlumatlar xüsusi araşdırma tələb edir:

«İntizam Komissiyasının belə araşdırma aparmaq səlahiyyəti yoxdur. Bu səbəbdən İntizam Komissiyası vəkil Yalçın İmanovun əməlində intizam pozuntusunun mövcudluğunu müəyyən etməsini, intizam məsuliyyətinə cəlb edilməsini mümkün hesab etmir».

«RƏYLƏ RAZI DEYİLƏM, MƏN KONKRET SÜBUTLAR ORTAYA QOYMUŞAM»

Yalçın İmanov AzadlıqRadiosuna haqqındakı rəylə tanış olduğunu təsdiqləyib. Rəylə razılaşmayan müdafiəçi deyir ki, öz izahatında, əlavə etdiyi sənədlərdə heç bir intizam pozuntusuna yol vermədiyini, Penitensiar Xidmət rəhbərliyinin onun haqqında şikayətinin əsassız olduğunu sübut edib.

***Buna da bax-Yalçın İmanov 'ölkədə sabitliyi pozmaqda' suçlanır

«Penitensiar Xidmətin rəis əvəzinin mənim barəmdəki iddialarının heç biri hər hansı sübutla təsdiqlənmir. Oqtay Məmmədov məni qeyri-hüquqi dildə danışmaqda ittiham edir, amma təqdim etdiyi şikayətin özü başdan-ayağa siyasi ittiham xarakteri daşıyır. Mən isə əksinə, izahatımda da, əlavə etdiyim sənədlərdə də konkret sübutlar ortaya qoymuşam», – Y.İmanov belə deyir.

Vəkil bildirir ki, məsələn, O.Məmmədov məktubunda onun avqustun 8-nə qədər Taleh Bağırovla görüş üçün müraciət etmədiyini, vəkili kimi onunla görüşməkdən qəsdən yayındığını, ailəsinə isə Penitensiar Xidmətin görüşə icazə vermədiyi haqda yalan məlumat verdiyini iddia edib:

«Guya, ayın 8-də müraciət eləmişəm, həmin gün də dərhal icazə verilib. Bunun həqiqətə uyğun olmadığını elə Oqtay Məmmədovun özünün mənə göndərdiyi məktubla sübut eləmişəm. Mən iyulun 29-da Abbas Hüseynovla, 31-də isə Taleh Bağırovla görüş üçün Penitensiar Xidmətə rəsmi qaydada müraciət etmişəm. Oqtay Məmmədov şəxsən öz imzası ilə Taleh Bağırovla görüş müraciətinə 6 avqustda, Abbas Bağırovla bağlı müraciətə isə 7 avqust tarixli məktubla cavab göndərib. Hər iki məktubda da mənim Penitensiar Xidmətə müraciət etdiyim tarix də göstərilib».

***Buna da bax-Anası: 'Abbası qızmar günün altında üç saat dəmirə bağlayıblar' [video]

Y.İmanovun sözlərinə görə, ortaya qoyduğu sübutlara baxmayaraq, İntizam Komissiyası «xüsusi araşdırma aparmaq» əsası ilə hər hansı bir qərara gələ bilmədiyini elan etdi və bu qeyri-müəyyən ifadə gələcəkdə ona qarşı qanunsuz sui-istifadə hallarına səbəb ola bilər:

«Ona görə də Rəylə razılaşmadığımı bildirərək, mənimlə bağlı şikayət üzrə intizam icraatına xitam verilməsini xahiş etmişəm».

XATIRLATMA

Penitensiar Xidmətin rəis əvəzi, polkovnik Oqtay Məmmədov vəkildən şikayətində iddia edib ki, Y.İmanov Nardaran hadisələrinə görə 20 il həbs cəzası almış Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması haqda söylədiklərini ictimailəşdirməklə peşə etikasını pozub. O.Məmmədov vəkili «ölkədə sabitliyi pozmaq, gərginlik yaratmaq cəhdində» ittiham edib.

Y.İmanov Vəkillər Kollegiyasına izahatına A.Hüseynovun digər vəkillərinin açıqlamalarını, Ombudsman Aparatının onun işgəncə şikayəti ilə bağlı Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciətini də təqdim edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG