Keçid linkləri

2026, 10 Aprel, Cümə, Bakı vaxtı 00:09

Sitalçay sakinləri yolu bağlayıb [Video]

Su basmış kəndin sakinləri etiraz aksiyasına çıxıblar
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Su basmış kəndin sakinləri etiraz aksiyasına çıxıblar

Dünən, aprelin 8-də Xızı rayonu Sitalçay kəndinin bir qrup sakini etiraz aksiyası keçirib.

Yerli sakinlərin AzadlıqRadiosuna verdiyi məlumata görə, evini su basmış şəxslər kəndin içindən keçən yolu bağlamaqla yerli qurumların biganə münasibətinə etirazlarını bildiriblər.

Kənd sakinləri deyirlər ki, bir çoxlarının evlərini su basdığından evlərini tərk edib qohum-əqrəbaya sığınıblar. Şikayətlərə görə, həm seldən evləri ziyan çəkib, həm də əşyalar, avadanlıq sıradan çıxıb. Onlar eyni vəziyyətlə ötən il də üzləşdiklərini vurğulayırlar.

Aksiya yerinə polislər, daha sonra isə icra hakimiyyətindən gəliblər. Sakinlərin sözlərinə görə, şikayətlərin müsbət həll ediləcəyi ilə bağlı onlara müəyyən vədlər verilib.

Olaya ayrılıqda Daxili İşlər Nazirliyi və Xızı rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Xızı icra hakimiyyəti: Ərazidə çadırlar qurulub...

Xızı rayon İcra Hakimiyyətinin saytında aprelin 9-da yayılan məlumatda deyilir ki, hazırda xüsusi texnika və motorlar vasitəsilə evlərə dolmuş suların çəkilməsi işləri aparılır. "Əraziyə cəlb olunan qüvvələr fasiləsiz iş rejimində subasmanın fəsadlarının aradan qaldırılmasına çalışırlar", - məlumatda vurğulanır.

"Eyni zamanda, zərərçəkmiş sakinlərin müvəqqəti yerləşdirilməsi üçün ərazidə çadırlar qurulub", - icra hakimiyyəti əlavə edir.

Xatırlatma

Son həftələr yağış Bakı və ölkənin bir çox bölgəsində fəsadlar doğurub. Bəzi ərazilərdə küçələri, həyətləri və evləri su basıb.

Əslində son illər Bakı və ətraf ərazilərdə güclü yağış zamanı eyni problemlər yaranır. Hətta 2024-cü ilin oktyabrında sel Sabunçu rayonunda tuneli basarkən iki nəfər həlak olmuşdu.

Ekspertlər problemi, əsasən, son illər paytaxt Bakı və ətraf yaşayış məntəqələrində yeni tikinti işlərinin plansız aparılması ilə izah edirlər. Üstəlik, vurğulayırlar ki, son iki onillikdə ölkədə su və kanalizasiya problemlərinin həllinə böyük pullar ayrılıb. Onların fikrincə, əgər həmin vəsaitlərdən səmərəli istifadə edilsəydi, problem bu səviyyəyə çatmazdı.

XS
SM
MD
LG