Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:25

Bir mənzilin açarına görə 4 nəfər gəlib-gedirmiş


Bina. Foto arxiv
Bina. Foto arxiv

«Məndən 3-otaqlı mənzilə görə 45 min manat alıblar. Eşitdim ki, bina hazırdır, mənzillərin qapıları da qoyulub. Gəldim açarı götürüm, məlum oldu ki, mənə satılan mənzilin açarına görə məndən başqa daha üç nəfər gəlib- gedirmiş».

«MƏBLƏĞ 500 MİN MANATI ÖTÜR»

Bunu AzadlıqRadiosuna Xırdalandakı yeni tikililərin birindən mənzil alarkən aldadıldığını iddia edən Natiq Zamanov deyir. Eyni yaşayış binasından mənzil əldə etməkdən ötrü pul ödəyən və aldadıldığını iddia edən azı 30 nəfər radioya müraciət edib.

Bakı sakinləri bildirirlər ki, son iki il ərzində müxtəlif vaxtlarda Xırdalan şəhərindəki «Nursu Əmlak» ofisinə gələrək, burada Cavid Umudlu ad-soyadlı şəxslə mənzilə dair müqavilə bağlayıblar. Müqavilələr «Nova City» Yaşayış Kompleksindən alınan mənzillərə görə bağlanıb. Aldadıldığını iddia edənlərdən biri də Mahir Əzizovdur:

***Buna da bax-'AAAF park' sakinləri: 'Deyirlər, İlham Əliyevin əmridir...'

«Yalnız bizdən alınan pulları üst-üstə yığanda məbləğ 500 min manatı ötür. Hələ aldadılmış və tanımadığımız adamlar da var. Biz artıq binanın qarşısına toplaşa-toplaşa bir qrup olmuşuq, hamımız bir-birimizi tanıyırıq. Hamımız evsiz-eşiksiz qalmışıq. Bizi aldadanlar üzə çıxmasalar, Xırdalanın altını üstünə çevirəcəyik».

«ADAMLARI ÜZ-ÜZƏ QOYURLAR»

Binadan ikiotaqlı mənzilə görə 30 min manat ödədiyini, lakin mənzilin açarını əldə edə bilmədiyini deyən Arif Sadıqov da bir aydan çoxdur ki, hər gün binanın yaxınlığındakı satış ofisinə və layihə ofisinə gəlib-gedir:

«Cavid Umudlu yaxın vaxtlaradək «Nova City» Yaşayış Kompleksinin satış ofisində əyləşirdi. Hər dəfə açar üçün gələndə «üç günə», «beş günə» deyib arxayın edirdi.

***Buna da bax-Sənin aldığın mənzil daha birisinə satılıbsa... [video]

Bir də gəldim ki, ofisin qabağında adam doludur. Hamını aldadıblarmış. İndi də məlum olub ki, mənə satılan mənzilə görə bura daha iki nəfər də gəlib gedir. Çox biabırçı durumdur. Adamları bir-birləri ilə üz-üzə qoyublar. Keçən dəfə gələndə burda qırğın idi, eyni mənzilə görə pul ödəyən qadınlar, az qala, bir birlərini sürüyəcəkdilər. Bunun qarşısı alınmalı, bu qədər insanı aldadanlar həbs olunmalı, mənzillər özümüzə verilməlidir».

Sakinlər tezliklə mənzilin açarları onlara verilməzsə, günahkarlar cəzalandırılmasa, Prezident Administrasiyasının qarşısına toplaşacaqlarını bildirirlər.

ƏMLAK MÜQAVİLƏSİ BORC MÜQAVİLƏSİNƏ ÇEVRİLİB

«Nova City» Yaşayış Kompleksi layihəsinin saytı mövcuddur. Saytda şirkətin fəaliyyəti haqqında məlumat və əlaqə nömrələri var. Lakin əlaqə nömrələrinə cavab verən yoxdur.

***Buna da bax-Deputat Xətai sakinlərinin evlərini əllərindən aldı

Layihənin ünvanı Xırdalan şəhəri, Bakı-Sumqayıt şosesi, 15-ci km-də, satış ofisinin ünvanı isə eyni ərazidə, 14-cü km-də göstərilir. AzadlıqRadiosunun müxbiri hər iki ünvana baş çəksə də, şirkətdən heç kəsi tapa bilməyib. Hər iki ünvanda qapılar qıfıllıdır. Yaşayış binası isə yarımtikili vəziyyətdə qalıb və tikinti işləri davam etmir.

Sakinlərə vaxtilə verilmiş əmlak müqaviləsi sonradan borc müqaviləsinə çevrilib.

Hüquqşünas Vaqif Alıyev deyir, əslində əmlak müqaviləsinin borc müqaviləsinə çevrilməsi aldadanın xeyrinədir:

«Çünki artıq aldadan şəxs yalnız mülki qaydada məhkəməyə verilə bilər. Bu məsələdə sakinlər diqqətli olmalı, hüquqşünaslarla məsləhətləşdikdən sonra hüquqi addımlar atmalıdırlar. Onlara əmlak müqaviləsinin borc müqaviləsinə çevrilməsi təklifi gələndə artıq anlamalıydılar ki, burada məqsəd var. Ancaq bununla belə, bir mənzilin iki və daha çox şəxsə satılması artıq dələduzluq predmetidir».

Hüquqşünas bildirib ki, vətəndaşlar borc müqaviləsinə görə məhkəməyə, ikinci məsələyə görə polisə müraciət etməlidirlər.

XS
SM
MD
LG