Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 00:36

'AAAF park' sakinləri: 'Deyirlər, İlham Əliyevin əmridir...'


Xırdalanda "AAAF Park" yaşayış kompleksində qazıntı işləri.
Xırdalanda "AAAF Park" yaşayış kompleksində qazıntı işləri.

"Binaların arasında 3-4 metr yer qalıb. Neçə gündür oraları da qazırlar".

Xırdalanda "AAAF Park" Yaşayış Kompleksində yaşayan İlahə İsayeva AzadlıqRadiosu-na danışır ki, bir neçə gündür kompleksin ərazisində yenə qazıntı aparılır.

Buna da bax:​ Sakinlər: 'Yolları qazırlar, xəbərdarlıq nişanları qoymurlar'

“XƏSTƏLİK TAPMIŞIQ”

"4 ildir burdan mənzil almışıq. Kompleksin giriş tərəfindən birinci binada yaşayırıq. Mən burda yalnız bircə il rahatlıq gördüm. 3 ildir ki, binaların arasında yer tapıb qazıb böyründə birini də tikirlər. Azyaşlı uşaqlar allergiyadan, bronxitdən əziyyət çəkirlər. Özüm toz-torpaqdan allergiya tapmışam. Uşaqlarım nəmişlikdən revmatizm tapıblar", – deyən İlahə xanımın sözlərinə görə, hazırda yaşadığı binanın 3-5 metrliyindəki qazıntı işləri qonşu binaların özülünü də zədələyir:

"Binanı tikirlər, evləri satırlar, pullarını qazanırlar, sonra başlayırlar həmin binaya bitişik birini də tikməyə... Qazıntı aparanda, istər-istəməz, bitişik binanın özülü də sıradan çıxır. Hal-hazırda toz-torpaq, nəmişlik ömrümüzə qənim kəsilib. Binaların qarşısını sonradan tikdikləri binalarla bağlayıblar, mənzillərə hava getmir. Hansı evə girirsən, nəmişlikdən divarlarda ilbizlər gəzir. Bu evlər nə işıq görür, nə hava..."

Buna da bax:​ Sürüşmə ərazilərindəki yeni tikililər təhlükədə

“GÖRDÜ YAXŞI PUL GƏLİR, HƏVƏSLƏNDİ”

Yaşayış kompleksinin başqa sakini Aidə Məmmədova deyir, hazırkı qazıntının məqsədi onlara aydın deyil. Çünki sakinlərə bu barədə məlumat verilmir. Maraqlanan sakinlərə isə "tikiləndə, nə olduğunu görəcəksiz", deyilir. Sakinin sözlərinə görə, bu kompleks əvvəllər həqiqətən də insanların rahatlığı üçün nəzərdə tutulub. Ancaq sonradan durum dəyişib:

Sakinlərin balkonundan görünənlər
Sakinlərin balkonundan görünənlər

"Şirkətin rəhbəri gördü yaxşı pul gəlir, "həvəsləndi". İnsanların rahatlığını arxa plana keçirtdi, daha çox pul qazanmaq prinsipini irəli tutdu. Harda bir qarış yer qaralayırsa, orda bina tikir. Maraqlananda da deyirlər, ‘lham Əliyevin tapşırığını yerinə yetiririk. Onun göstərişidir ki, şəhəri gözəlləşdirək’. Bir az da bərkini tutanda, deyirlər, ‘tikinti başa çatanda bilərsiz’. Hal-küy salanda isə başqa söz deyirlər, bildirirlər ki, kompleksdəki qazıntı işlərini Xırdalan şəhər icra hakimiyyəti aparır. Yüzlərlə sakini adam yerinə qoyan yoxdur".

Buna da bax:​ Köçkün: 'Sən demə, torpağı mənə satan yazılmamış qaydaları pozub...'

“SAKİNLƏRİN RAHATLIĞI ÜÇÜNDÜR”

Xırdalan şəhər icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, AAAF Park yaşayış kompleksinin ərazisindəki qazıntı, inşaat işlərinin qurumla heç bir əlaqəsi yoxdur.

"AAAF Park" şirkətindən isə bildirilib ki, yaşayış kompleksinin daxilində görülən bütün işlər sakinlərin rahatlığı üçündür. Şirkətdən hazırda 1 saylı küçədəki 2 saylı binanın yaxınlığındakı qazıntının səbəbiylə bağlı məlumat verilməyib.

Buna da bax:​ Kəndli: ‘Cənab prezident, bunun bir sonu olacaq, ya yox?..’

Xırdalan şəhəri, Heydər Əliyev prospektində AAAF Park Yaşayış Kompleksi bir neçə ildir ki, inşa olunub. Kompleksdə bina tikintisi hələ də davam edir. Sakinlərin iddiasına görə, əslində, kompleksdəki əsas binaların tikintisi çoxdan başa çatıb. Hazırkı inşaat işləri binalardakı mənzillər satıldıqdan sonra əlavə olaraq aparılır. Bu da kompleksin ərazisini darlaşdırır və insanların rahatlığını pozur.

Eyni yaşayış kompleksindən AzadlıqRadiosu-na bir neçə dəfə mavi yanacaq verilişində fasilələrlə bağlı şikayət daxil olub.

XS
SM
MD
LG