Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:03

Xədicə İsmayılın prokurorluğa qarşı məhkəməsi başladı


Arxiv fotosu: Xədicə İsmayıl vəkilləri Yalçın İmanov (solda) və Fariz Namazlı ilə
Arxiv fotosu: Xədicə İsmayıl vəkilləri Yalçın İmanov (solda) və Fariz Namazlı ilə

Araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın Bakı şəhər Prokurorluğuna qarşı iddiası üzrə məhkəmə başlayıb. Avqustun 17-də Səbail Rayon Məhkəməsində bu iş üzrə hazırlıq iclası keçirilib. Maliyyə Nazirliyi də üçüncü şəxs qismində prosesə cəlb olunub.

PROKURORLUQ RAZI DEYİL

X.İsmayıl CM-in bəraət aldığı 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi üzrə qanunsuz həbsdə saxlanıldığı müddətə görə prokurorluqdan kompensasiya istəyir.

Bakı şəhər prokurorluğunun nümayəndəsi Günel Əkbərova məhkəmədə bildirib ki, iddia ilə razı deyillər. Etirazı da növbəti iclasda məhkəməyə təqdim edəcəklər.

Jurnalistin nümayəndəsi Yalçın İmanov isə bildirib ki, iddia qanuna uyğun şəkildə əsaslandırılıb. Vəkil deyir ki, X.İsmayıl 2014-cü il dekabrın 5-də CM-in 125-ci maddəsilə ittiham edilərək həbs olunub. O, ötən il martın 6-dək - 91 gün ərzində məhz 125-ci maddə ilə həbsdə saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi isə bu ittiham üzrə ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də həmin hökmü qüvvədə saxlayıb.

Bunlara da baxın:

“AYLIQ ƏMƏKHAQQINI İTİRİB”

Müdafiəçi əlavə edib ki, X.İsmayıl bu müddətdə ona dəymiş maddi ziyanı 9 min 30 manat, mənəvi ziyanı isə 20 min manat hesablayıb və ümumilikdə 29 min 30 manat kompensasiya tələb edir:

"Qanunsuz həbsdə saxlanıldığı müddətdə Xədicə İsmayıl aylıq 2 min manat əməkhaqqını itirib. Bundan başqa, ona göstərilən hüquqi xidmətə görə xərc çəkib. Məlumdur ki, Kürdəxanıdakı 1 saylı istintaq təcridxanasının yaxınlığına ictimai nəqliyyat getmir. Yaxınları onun yanına gedib-gələrkən taksi xidmətinə, ərzaqlara xərc çəkib. Bu xərcləri 9 min 30 manat hesablayıb. Tələbimiz qısa, konkret və tam qanunidir".

Bu iş üzrə məhkəmə baxışı avqustun 24-nə təyin olunub.

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalistə CM-nin 125-ci maddəsilə bəraət verilsə də, o, vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə də jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb.

X.İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG