Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:02

Xədicə İsmayıl: “Onları Azərbaycana mal-mülk bağlayır” (VİDEO)


X.İsmayıl: "Ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur"
Gözlə

No media source currently available

0:00 0:01:26 0:00

X.İsmayıl: "Ölkədən çıxışıma qoyulan qadağa qanunsuzdur"



"Binəqədi rayon Məhkəməsi ölkədən çıxışıma icazə verilməməsi barədə qərarında yazır ki, "ərim, uşaqlarım və mülküm olmadığından mən ölkəyə qayıtmaya bilərəm". Başa düşürəm ki, hökumətdəkilərin bir çoxunu Azərbaycana ancaq mal-mülk bağlayır. Amma mənim üçün insanlarından tutmuş, ərazilərinə qədər hər şeyi ilə vətəndir Azərbaycan!"

Bunu araşdırmaçı-jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl avqustun 15-də məhkəmədə çıxış edərkən deyib.

JURNALİST ÇIXIŞINA QADAĞANIN ÖZBAŞINA QOYULDUĞUNU DEYİR
X.İsmayıl üzərindəki şərti cəzaya görə sınaq müddəti dövründə ölkədən çıxışına qoyulan qadağanın götürülməsindən ötrü apellyasiya şikayəti vermişdi. Şikayətə avqustun 15-də Bakı Apellyasiya Məhkəməsində Vaqif Mursaqulovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

X.İsmayıl bildirib ki, ölkədən çıxışına qoyulan qadağa qanunsuzdur:

"Miqrasiya Məcəlləsində deyilir ki, şərti məhkumluqla əlaqədər ölkədən çıxışa qadağa qoyula bilər. Yəni birmənalı deyil, qadağa qoyulursa, əsaslandırılmalıdır. Ali Məhkəmənin mənim şərti cəzaya məhkum edilməyim barədə qərarında yalnız bu qeyd var ki, daimi yaşayış yerini dəyişində icra şöbəsinə məlumat verməliyəm. Başqa heç bir qadağa yoxdur. Belə çıxır ki, icra şöbəsi mənim ölkədən çıxışıma qadağanı özbaşına qoyub. Halbuki, özləri də məhkəmədə göstərdi ki, Xədicə İsmayıl şərti cəza müddətində heç bir qanun pozuntusuna yol verməyib".

Bizim ədliyyə sistemi imkan versə də, verməsə də mən o tədbirlərdə iştirak edəcəyəm. İnternet əsridi, getməsəm, "skype" vasitəsilə qoşulacam.

“ÖLKƏNİ PİS GÜNƏ QOYANLAR QAÇMAQ İSTƏYƏCƏKLƏR”

Jurnalist deyir ki, peşə fəaliyyətilə əlaqədar tez-tez xarici səfərlərdə olur, beynəlxalq konfranslarda, təlimlərdə iştirak edir. Ona görə də ölkədən çıxışı vacibdir:

"Mən transmilli korrupsiya cinayətlərini araşdırıram. Sentyabr-noyabr aylarında ABŞ-da, İndoneziyada, Fransada, Almaniyada keçiriləcək tədbirlərə dəvət almışam. Bizim ədliyyə sistemi imkan versə də, verməsə də mən o tədbirlərdə iştirak edəcəyəm. İnternet əsridi, getməsəm, "skype" vasitəsilə qoşulacağam. Amma getsəm, yaxşı olardı. Ən azı belə rəy yaranmazdı ki, Azərbaycan həbsxanadadır, insanları oradan kənara buraxmırlar".

X.İsmayıl vurğulayıb ki, heç bir halda, ölkəni birdəfəlik tərk eləmək niyyəti yoxdur:

"Mən ölkəni qoyub qaçan deyiləm. Gözləyirəm ki, ölkəni pis günə qoyanlar qaçmaq istəyəcəklər. Ümid edirəm ki, onda da məhkəmələr buna imkan verməyəcək və onlar ədalət mühakiməsi qarşısında cavab verməli olacaqlar".

Buna da baxın: Prokurorluq Natiq Cəfərlinin İlqar Məmmədovun köməyi ilə qrant aldığını bildirir

“ÖLKƏ HƏBZXANAYA ÇEVRİLİB”

Jurnalist çıxışının sonunda məhkəmədən ölkədən çıxışına icazə verilməsinə dair qərar çıxarılmasını istəyib:

"Məlumdur ki, İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində ölkə həbsxanaya çevrilib. Heç olmasa, siz məhkəmə qərarları ilə bunu təsdiqləməyin".

Vəkil Fariz Namazlı da jurnalistə bu qadağanın qanunsuz olduğunu bildirib. Müdafiəçi deyir ki, Binəqədi rayon məhkəməsi bu məsələyə baxarkən onların arqumentlərinə qiymət verməyib, Avropa Konvensiyasının tələblərini pozub.

"Xədicə İsmayıl həbsindən əvvəl xarici ölkədə idi. Həmin vaxt onun həbs olunacağı barədə məlumatlar yayılmışdı. Buna baxmayaraq, o, ölkəyə qayıtdı. Bu da göstərir ki, onun ölkəni birdəfəlik tərk eləyəcəyini iddia etməyə heç bir əsas yoxdur", - vəkil bildirib.

Buna da baxın: Xədicə İsmayılın cəzası azaldıldı​

5 İL SINAQ MÜDDƏTİ DƏ MƏNTİQSİZDİR


F.Namazlı qeyd edib ki, jurnalistin üzərində 2 il 3 ay şərti cəza olduğu halda, buna 5 il sınaq müddəti müəyyənləşdirməyin özü də məntiqsiz və ədalətsiz qərardır.

Dövlət ittihamçısı Orxan Dəmirli apellyasiya şikayətinin təmin olunmaması və Binəqədi rayon Məhkəməsinin qərarının qüvvədə saxlanılmasını istəyib.

Məhkəmə də qısa müşavirədən sonra şikayətin təmin olunmadığını açıqlayıb.

F.Namazlı AzadlıqRadiosuna bildirib ki, qərardan Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəmə 25 may 2016-cı il tarixli qərarı ilə mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Avqustun 8-də Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 2 il 3 aya endirilib.

Xədicə İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG